Əziz dostlar!
Azərbaycanın “Məhkəmə” adlı bazarına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığınız barədə xəbər məni sarsıtdı, həm də çox təəccübləndirdi. Çünki bu mübarizə metodu sivil, mədəni və qanunun ali olduğu, eləcə də insana dəyər verilən, təməl insan haqlarına hörmət olunan cəmiyyətlər üçün keçərlidir.
Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycanda “8 Kişi Adam” adlı çoxseriyalı bir film çəkiləcək. Bu günə qədər apardığınız şərəfli və qəhrəman mübarizəniz, nümunəvi əxlaqınız, müasir dünyagörüşünüz, millətə məhəbbətiniz, dövlətə və dövlətçiliyə sədaqətiniz, eləcə də dövlətimizin və millətimizin bu gününə və sabahına yüksək vətəndaşlıq məsuliyyətinizlə, o filmin baş qəhrəmanı Sizlər olacaqsınız.
Xalqımız və tariximiz öz dəyərli övladları kimi Sizi daim qoruyacaq. Siz bizim qürur mənbəyimiz və şərəf qaynağımızsınız. Siz Azərbaycan gəncliyinin ləyaqət rəmzisiniz.
Əziz dostlar!
Sizə bu qanunsuzluğu edənlərlə ermənilərin məqsədləri eynidir. Azərbaycan xalqının ləyaqətli və cəsarətli övladlarını, passionar şəxsiyyətlərini fiziki cəhətdən məhv etmək, onların sağlamlığına və əqli qabiliyyətlərinə ağır zərbə vurmaq, onların bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti, iqtisadi, siyasi və mənəvi dözümsüzlük mühiti yaratmaq, eləcə də milli sayımızın artımının qarşısını almaqdır bunların istəyi. Bir sözlə, bu, əslində, millətimizin və milli genefondumuzun soyqırımı siyasətidir.
Əziz gənclər, milləti alcığa düçar etməklə, onu fiziki məhvə məhkum etmək, bunların əsas məqsədlərindən biridir. Indiki şəraitdə “aclıq”ı mübarizə üsulu seçmək, elə bunu istəyən rejimin özünə yardım etmək kimi bir şeydir.
Siyasi mübarizədə adekvat vasitələr seçmək çox vacibdir. Hesab edirəm ki, üstümüzə qanunsuz silahlı dəstələr, yalançı şahidlər ordusu, məhkəmə, polis, prokurorluq adlı rejim dəyənəkləri, qanunsuz həbslər, təqiblər, terror, partlayışlar, fiziki işgəncələr və s. zorakı üsullarla gələn bu anti-xalq, dünyəvi mənəvi dəyərlərdən uzaq, beynəlxalq hüquq normalarına hörmətsizlik göstərən, qaba, zoru əsas mübarizə vasitəsi seçən bu rejimə qarşı mübarizədə “aclıq” təsirli vasitə hesab edilə bilməz.
Dinimiz Islama görə də “aclıq” bədənə – Allahın verdiyi əmanətə xəyanət kimi qiymətləndirilir və Islam tarixində belə bir mübarizə üsuluna rast gəlinməmişdir. Bu rejimə qarşı yalnız sağlam bədən və sağlam ruhla mübarizə aparmaq lazımdır.
Ruhunuzun sağlamlığına heç bir şübhə, bədəninizi zəiflətməyə isə heç bir haqqınız yoxdur.
Aclığı dərhal dayandırmağınızı və bu rejimə qarşı, onun özünün tələb etdiyi və layiq olduğu mübarizə vasitələrilə siyasi fəaliyyətinizi davam etdirməyinizi xahiş edirəm. Kimin nə deyib, nə etməsindən asılı olmayaraq, Azərbaycanın gələcəyi gənclərə məxsusdur və onların istəyi üzərində formalaşacaq. Sizləri bu gəncliyin avanqardı kimi salamlamaqdan qürur duyur və apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm.
Allah köməyiniz olsun!