Ekspertlər səfərin məqsədilə bağlı müxtəlif fərziyyələr irəli sürür
Bir neçə gün öncə Quba şəhərində Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilməsi bir sıra aspektlərdən maraq doğurdu. İclasda tərəflər Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, İşçi Qrupun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələləri müzakirə ediblər.
Amma son zamanlar həm Azərbaycanın, həm də Rusiyanın ölkəmizin şimal bölgəsinə marağı diqqətdən qaçmamalıdır. Hətta Azərbaycan hakimiyyətinin Şeyxulislam Hacı Allahşükür Paşazadənin bu bölgəyə səfərini təşkil etməsi və radikal dini cərəyanlarla bağlı mesaj verməsi birmənalı qarşılanmır.
Bundan başqa Qubada keçirilən iclas zamanı Rusiyanın daxili işlər naziri Vladimir Kolokotsevnin Qubada keçirilən görüşə qatıldığı barədə məlumat yayılmışdı. ANS PRESS-in bölgə müxbiri nazirin toplantıya qatılmasını təsdiqləyib. Məlumatda bildirilib ki, Rusiyanın daxili işlər nazirilə birgə digər səlahiyyətli şəxslər də Qubaya gəliblər. Bir sıra ekspertlərin fikrincə, bu tip görüşlərin keçirilməsi iki tərəf arasında münasibətlərin normalaşmasına xidmət edir.
«Müsavat.com» saytında yerləşdirilən məlumata görə isə, V.Kolokoltsevin səfəri Qusar ərazisində bir qədər əvvəl baş verən atışma ilə əlaqəlidir. Doqru.tv isə V.Kolokoltsevin Qubanın Xınalıq kəndinə və yəhudilərin yaşadağı Qırmızı qəsəbəyə baş çəkməsi haqda məlumat yayıb. Həmin məlumata görə, V.Kolokoltsev Qırmızı qəsəbədə Qubadan olan və Türkiyədə yaşayan yəhudi iş adamı birgə olub. Doğru.tv bildirir ki, V.Kolokoltsevin Qubaya səfəri rəsmi olmadığından əlaqəli məlumatlar da gizli saxlanır. Nazirin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi “Rixos Quba Azerbaijan” otelinədə olub. Bundan əlavə, bildirilir ki, keçmiş müdafiə naziri Səfər Əbiyev də onunla görüşüb. V.Kolokoltsevin bütün görüşlərinin detalları gizli saxlanılır. V.Kolokoltsev aprelin 17-də Qubanı tərk edib.
Nazirin qeyri-rəsmi səfərinin məqsədi haqda yayılan məlumatlarda bildirilir ki, onun səfəri Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlişi ilə bağlıdır. Qeyd edək ki, ötən il Medvedev Qubada olub. Həmin vaxt gizli saxlanılan səfər zamanı Medvedev Qırmızı qəsəbədən olan və Rusiyada yaşayan yəhudi iş adamıının atasının dəfn mərasimində iştirak edib. Həmin iş adamı Qod Nisanov Medvedev ilə yaxın dostdur. D.Medvedevin yaxın günlərdə reallaşacaq Qubaya səfərini də Qod Nisanov təşkil edir. D.Medvedevə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan villa da bağışlanacaq. Villanın tikintisinin bütün maliyyə xərclərini Qod Nisanov çəkib. D.Medvedevlə Dağıstan prezidenti Ramazan Abdulatipov “Rixos Quba Azerbaijan” otelində bir sıra görüşlər keçirəcəkləri haqda məlumat da var. Bidirilir ki, Qubadakı görüşdə Türkiyədən İrandan olan qonaqlar da iştirak edəcəklər.
Təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, səfərin məqsədi Şimali Qafqazda baş verə biləcək proseslərə hazırlıq ola bilər: «Ola bilsin ki, Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün Şimali Qafqazda müəyyən proseslər baş qaldırsın. Ola bilsin ki, qarşılıqlı şəkildə birgə addımların atılması qərara alınıb. Bu daha çox Rusiyanın maraqlarındadır».
Xəyal