İbrahimbəyov ona müraciət edən hərbçi ailələrinə cavab verdi
1991-1994-cü illərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə itkin düşmüş yüzdən çox hərbçinin ailə üzvləri bir neçə gün öncə mətbuat vasitəsilə Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə vahid namizəd Rüstəm Ibrahimbəyova müraciət etmişdilər. Onlar üzləşdikləri problemlərin həll olunmadığından şikayət etmişdilər.
Rüstəm İbrahimbəyov ona edilən müraciətə cavab verib. Cavabda deyilir:
“Ötən günlərdə 1991-1994-cü illərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə itkin düşmüş yüzdən çox hərbçinin ailə üzvlərindən mətbuat vasitəsi ilə müraciət almışam. Azərbaycan müharibədən çox ağır itkilərlə çıxıb. Çox təəssüf ki, bu, bizim insanlarımızın həyatında ağır izlərlə ötüşüb. Ötən illərdə isə hakimiyyət müharibədən ziyan çəkmiş insanların həm maddi, həm də mənəvi böhrandan çıxması üçün heç bir əsaslı iş görməyib. Mən təkcə prezidentliyə namizəd kimi deyil, həm də Azərbaycanda böyük dəyişikliklərin olacağına inanan, bunun üçün mübarizə aparan ziyalı vətəndaş kimi söz verirəm ki, ədalət hamı üçün eyni işləyəcək. Hər kəsin haqqı özünə qaytarılacaq. Azərbaycan bir dövlət kimi onu qoruyan övladları ilə fəxr edəcək və onların bütün problemlərinin mümkün həllinə nail olacaq. Biz indi firavan, demokratik və ədalətlə idarə olunan bir Azərbaycan üçün çalışırıq. Sizi də bu yolda fəal olmağa çağırıram. Sizin inamınıza arxalanaraq, birgə bütün ümumilli məqsədlərimizə çatacağımıza inanıram”.