Ötən gecə Azərbaycanın ilk peyki orbitə buraxılıb. «Azerspace/Africasat-1» peyki Bakı vaxtı ilə saat 02:11-də orbitə yetişib. Trend-in məlumatına görə, «Azerspace/Africasat-1»in buraxılışı Bakı vaxtı ilə saat 01:36 Qviana Kosmik Mərkəzindən həyata keçirilib. Ötən gün Azərbaycanla yanaşı İspaniyanın «Amazonas-3» rabitə peyki də orbitə buraxıb.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-ın faydalı yükü 36 transponderdən ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHs-dir. Peykin çəkisi təqribən 3275 kiloqramdır. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.
Azərbaycan peykinin xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir. Peyk rəqəmsal teleradioyayım xidmətləri, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, «VSATmultiservis» şəbəkələrinin yaradılması, eləcə də hökumət əlaqələrinin təmin edilməsi üçün nəzərdə tutulub.
Ölkə başçısı İlham Əliyev ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqı təbrik edib. Dövlət başçısı bu günün ölkə həyatında çox əlamətdar və tarixi bir gün olduğunu deyib. Prezident bu işdə iştirak etmiş bütün qurumlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan gələcəkdə də yeni peyklərin orbitə çıxarılması yönündə fəal işləyir.