DİN əməliyyat keçirildiyi haqda rəsmi məlumat yaydı; “Azadlıq”a yeni məlumatlar daxil oldu
Dünən saytımızda Tərtərdəki mənbələrdən rayon mərkəzində atışma baş verdiyi haqda məlumat aldığımızı yazmışdıq. Məlumatda göstərilirdi ki, fevralın 6-da saat 17 radələrində 10 TO 007 nömrə nişanlı Porche Panomera markalı maşında olan bir nəfər odlu silahdan atəş açıb. Atışma zamanı Porche-ni müşaiyət edən başqa bir maşın da olub və o saxlanılaraq rayon polis şöbəsinin həyətinə aparılıb.
Məlumatlarda deyilirdi ki, Porche-dəki şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun oğlu Rövşən olub. Hətta hadisə zamanı ölən və yaralanın olduğu da deyilirdi.
Dünən məlumatla bağlı əməkdaşımızın əlaqə saxladığı DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyilənlərin yalan və təxribat xarakterli olduğunu bildirmişdi. Amma…
Bu gün DİN Tərtərdə keçirilən əməliyyat keçirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, DİN əməkdaşları daha bir kriminal dəstənin zərərsizəşdirilməsi istiqamətində Tərtər rayonunda əməliyyat keçirib. Nəticədə dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib.
Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Azadlıq”ın dəqiqləşdirmələri zamanı isə bəlli olub ki, hazırda Tərtərdə demək olar, fövqəladə vəziyyət hökm sürür. Hüquq-mühafizə orqanları fevralın 6-da baş vermiş hadisə ilə əlaqədar tamamilə ayaqdadır. Həmin hadisəyə aidiyyatı ola bilən bütün davranışlar müşahidə altına alınır. Rayonda ciddi gərginlik var.
Hadisənin özünə gəlincə, rayondakı mənbələrdə olan məlumat bundan ibarətdir:
Fevralın 6-da axşam saatlarında rayon mərkəzində bahalı maşınlarda olan 4 nəfər Dövlət Yol Polisinin əməkdaşlarına atəş açıblar. Bu adamların hansısa kriminal dəstə ilə bağlılıqlarının olduğu deyilir. Onlardan ikisini polislər hadisə yerindəcə tuta biliblər. Digər iki nəfər isə qaçıb. Hadisə zamanı ölən və yaralananın olduğu haqda rayonda hər hansı məlumat dolaşmır. Amma “fövqəlnazir”in qardaşı oğlu Rövşənin adı olayla bağlı hallanmaqdadır. Belə söhbətlər gəzir ki, DYP işçilərinə atəş açanların onunla yaxşı münasibətləri var. Hazırda hüquq-mühafizə orqanlarının bir neçə qat Avropa və ya Dünya çempionu olan bir nəfəri də həmin hadisəyə görə axtardığı deyilir. Hadisə ilə əlaqədar ciddi narahatlıq yarandığından, qonşu Bərdə rayonundan da Tərtərə polis qüvvələrinin göndərildiyi haqda məlumatlar var.
Foto atışma baş verdiyi deyilən yerdən çəkilib.