Avropa Şurası Parlament Assambleyasının toplaşdığı Avropa Sarayının ikinci mərtəbəsindəki kafedə oturmuşuq. Çoxsaylı gərgin söhbətlərdən sonra nəfəsimizi dərməyə, düşüncələrə varmağa kiçicik vaxt tapmışıq. Günortadan sonra Azərbaycanla bağlı iki hesabat və qətnamə müzakirə ediləcək, səsvermə olacaq. Azərbaycanın insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməsinin durumu və Azərbaycanda siyasi məhbuslarla bağlı durum.
Indi burda səsvermələrin necə sonuclanacağı barədə gümanlarımızı və arzularımızı bölüşürük. Azərbaycandan olan deputatların da, onların köməkçilərinin də, hüquq müdafiəçilərinin də çoxu ətrafdakı stollarda qızğın söhbətlərin içindədir. Hamı öz istəkləri üçün çalışmaqdadır. Hökumətin desantı bizimkindən qat-qat çoxsaylı və güclü kimi görünür.
Eyni ölkədən, eyni şəhərdən gəlsək də, bir-birimizlə mehriban salamlaşıb görüşsək də, arzuladıqlarımızın, gözlədiklərimizin çox fərqli olması, faktiki bir-birimizə qarşı çalışmağımız üzücü hisslər doğurur. Həm Monitorinq Qrupunun, həm də Ştrasserin hesabatı keçərsə, hökumət bunu məğlibiyyət, hüquq müdafiəçiləri isə bunu hətta qələbə kimi bayram etməyə hazırlaşırlar. Və ya əksinə.
Çoxsaylı görüşlər, məlumatlandırmalar, hökumətimizin lobbiləriylə debatlarımız arxada qalıb. Həmişə olduğu kimi Azərbaycanla bağlı problemləri ifadə edən qətnamələrə Ermənistan deputatları həvəslə dəstək verməyə çalışırlar. Hətta adam istəyir desin ki, “gedib öz dərdinizi çəksəniz, daha yaxşı olar”.
Hökumətdən olan bəzi dostlarım bunu əsas göstərib deyirlər: Baxın, Ştrasserin hesabatını ermənilər necə dəstəkləyəcək.
Belə çıxır ki, bizim dəstəklədiyimizi erməni nümayəndələri dəstəkləyirsə, biz geri çəkilməli, bu hesabatın əleyhinə çıxmalıyıq, hökumətin mövqeyini dəstəkləməliyik.
Sual edirsən ki, yaxşı, tutaq ki, Avropa Şurası bizi sevmir, ermənilər heç sevmir, Ştrasser bizim hakimiyyətimizə qarşı qərəzlidir. Yaxşı, bir anlığa biz də olduq sizin tərəfdə. Bəs, bizim siyasi motivlərlə həbsdə yatan vətəndaşlarımız nə olsun?
Əvəz Zeynallını bir şübhəli diktofon yazısına görə həbsə atıb, Gülər Əhmədovanı qosqoca videoda görünən milyonlarla rüşvətə baxmayaraq azadlıqda saxlayan bəlkə, Ştrasserdir. Bəlkə, Quba jurnalistlərini icra başçısının təhqirləri olan lenti yaymaqda ittiham edib, 10 aydır türmədə çürüdən erməni nümayəndələridir? Yoxsa, siyasi opponentləri (məsələn, Fərhad Əliyevlə Əli Insanovu) uzun müddət həbsdə yatmalarına baxmayaraq cəzadan şərti azadetmə əsasında belə azadlığa buraxmaq istəməyən Avropa Şurasındakı hökuməti sevməyənlərdir?
Kimdir, sadəcə etiraza cəsarət etdiklərinə görə neçə-neçə Qubalını, Binə bazarında işləyənləri, başqalarını tutub həbsxanalara dolduran, tənqidi rəylərinə görə adamları döyən, təhqir edən, həbsə atan? Avropadan gələnlərmi, QHT-lərmi, Azərbaycana düşmən olanlarmı?..
Bir anlığa düşündüm ki, yaxşı, geri çəkilək və bunları deməyək. Bəs sonra nə olsun?
Biz bu dərdləri ölkəmizin içində, özümüz müzakirə etməyə qadirikmi? Bir-birimizi anlamağa, birgə yol axtarıb evimizin içində ədalətsiz və qanunsuz saydığımız bu məsələlərə özümüz son qoya biləcəyikmi?
…Yoxsa, susmağımızı rica etməyin, dostlar!