“Binə” ticarət mərkəzində yanvarın 19-da keçirilən etiraz aksiyası ilə əlaqədar bu gün daha bir neçə nəfərin həbs edildiyi haqda xəbər almışıq. “Azadlıq”a verilən məlumatda deyilir ki, yanvarın 21-də hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzində olub, reyd apararaq bir neçə ticarətçini nümayişkaranə şəkildə saxlayaraq aparıblar.
Məlumatda o da deyilir ki, ticarətçilərin etirazına səbəb olan əlavə ödəniş tələbi qüvvəsində qalır. Ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın adından ticarətçilərə bildirilib ki, tələb olunana məbləğ yanvarın 25-nə qədər ödənilməlidir.
***
Tutulanlara 2 ay həbs verildi
Yanvarın 21-də “Binə üsyanı”ı zamanı saxlanılan akisya iştirakçılarının məhkəməsi keçirilib.
Saxlanılan 12 nəfərin Səbayıl Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı hakim 12 nəfərə höküm oxuyub. Məhkəmənin qərarı ilə Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev, Vaqif İbrahimov və iki nəfərə 2 ay həbs cəzası verilib.
***
Binə” üsyanına görə tutulanların adları açıqlanıb
Yanvarın 19-da “Binə” Ticarət Mərkəzində keçirilən aksiya zamanı saxlanılaraq məhkəmə qarşına çıxarılan şəxslərin sayı məlum olub. APA-nın məlumatına görə, həmin iş üzrə bu gün 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşına çıxarılacaq.
Bunlar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimovdur. Bu gün onların barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.
Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar. Məlumatda qeyd olunub ki, yanvarın 19-da Qaradağ rayonu ərazisindəki «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib.
İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə, 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.
Əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələrinin gördüyü tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.