Ədliyyə Nazirliyi Vətəndaş Hüquqları Institutunu (VHI) qeydiyyata almaqdan imtina edib. Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaş Vəziyyəti Idarəsinin rəisi Rahim Rəhimovun imzasıyla birliyə daxil olan məktubda bildirilib:
“Bildiririk ki, ”Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Lakin, təqdim edilmiş nizamnamədə üzvlüyə qəbulun şərtləri, eləcə də ondan çıxma qaydası müəyyən edilməmişdir”.
VHI-nin Ictimai Əlaqələr Departamentindən “Azadlıq”a verilən məlumata görə, qurumun təsisçilərindən Bəşir Süleymanlı göstərilən iradların əsassız olduğunu bildirib: “Nizamnamənin beşinci fəslinin bütün bəndləri adı çəkilən məsələyə həsr edilib. Həm üzvlüyə qəbul, həm də üzvlükdən azad olunma barədə kifayət qədər aydın maddələr əksini tapıb. Sadəcə nazirlik qeydiyyat sənədlərində ”iradlar” tapa bilmədiyi üçün nizamnamədə əksini tapan məsələ ilə bağlı imtina məktubu göndərib. Təbii ki, biz bununla razılaşmırıq və məhkəməyə müraciət edəcəyik”.
Bəşir Süleymanlı Ədliyyə Nazirliyinin bu münasibətini özünə qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu vurğulayıb: “Bu günə kimi 6 ictimai birliyin təsisçisi olsam da, heç biri dövlət qeydiyyatına alınmayıb. Sənədlər müxtəlif bəhanələrlə geri qaytarılır. Yalnız Seçki Monitorinq Mərkəzi (SMM) qeydiyyata alındı və əsassız iddialarla 104 gündən sonra qeydiyyatı ləğv edildi. Bu bizim birləşmək hüququmuzun pozulması, o cümlədən bizə qarşı olan siyasi ayrı-seçkiliyin göstəricisidir”.
Nazirlik Ictimai Birliyi Qeydiyyata almaqdan imtina etməklə Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi və “Insan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub və birləşmək azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib.
Qeyd edək ki, Vətəndaş Hüquqları Institutu (VHI) 2011-ci il aprelin 2-də təsis edilib. Birliyin əsas məqsədi vətəndaş hüquqları barədə maarifləndirmə işi aparmaq, vətəndaşların hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarla bağlı ictimai müzakirələrin keçirilməsinə yardım etməkdir.