Vahid Əhmədov Rəqabət Məcəlləsinin qəbulunun yubanmasını inhisarçılarla əlaqələndirir
Milli Məclisin Iqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov maraqlı açıqlama ilə çıxış edib. “Reytinq” qəzetinin son sayına müsahibəsində ölkədəki inhisarçılığa toxunan V.Əhmədov vurğulayıb ki, kənardan gələn fermeri, kəndlini bazara buraxmırlar. Nəticədə kəndlinin yerində satdığı məhsul bazara 5-6 dəfə bahasına çıxarılır:
“Bazarın öz sahibləri, öz inhisarçıları var. Onlar gətirilən məhsulu alıb, özləri istədikləri qiymətə bazara çıxarırlar. Ona görə də biz bir neçə ildir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacib olduğunu bildiririk. Amma bu günə kimi həmin qanunu qəbul edə bilmirik. Sessiyada da gündəliyə salınıb, amma müzakirəyə çıxarılmır. Tələb edirik, amma tələbimizə məhəl qoyulmur. Sanki ölkədə inhisara son qoyulmasını, normal bazar iqtisadiyyatının qurulmasını istəmirlər”. Bu qanun kimlərin əngəllədiyinə gəlincə isə, V.Əhmədov bildirib ki, bəlkə də hökumətdə kimlərsə inhisarçılığın olmasında maraqlıdır.
Məlum məsələdir ki, parlamentin bir çox üzvü oliqarxların təsiri altındadır. Bu üzdən oliqarxların maraqlarına toxunan qanunun qəbuluna əngəllərin yaradılması izah olunandır. Digər tərəfdən, hökumət özü də oliqarxların maraqlarına xidmət edən siyasət yürüdür. Bu üzdən Rəqabət Məcəlləsinin hələ də qəbul olunmaması təəccüblü deyil. Düzdür, Azərbaycan reallığında qanunların ciddi əhəmiyyət daşımadığı halda Rəqabət Məcəlləsinin situasiyaya köklü təsir göstərəcəyini söyləmirik. Amma hər bir halda bu qanunun qəbulu sahibkarlara qanuna əsaslanaraq Avropa Məhkəməsinə müraciət imkanları vermiş olardı.
“Bu sahədəki çatışmazlıq qanunun qəbulu ilə yekunlaşmayacaq”
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev hesab edir ki, əlbəttə, fermerlərin hüquqlarının müdafiəsi üçün qanunverici bazanın yaradılması faydalı olsa da, amma bu sahədəki çatışmazlığı sadəcə olaraq qanunun olmaması ilə izah etmək yanlış olardı. Fermerin müəyyən etdiyi satış qiymətinin bazar qiymətindən qat-qat aşağı olması onu göstərir ki, hakimiyyət kəndlinin dirçəlməsini istəmir: “Kənd təsərrüfatında məşğul əhalinin təxminən 40 faizi – 1.5 milyonu çalışır. Hazırda meyvəçilikdə kəndli ziyanla çalışır, sabah eyni şey taxılçılıqda olacaq”.
Kənd təsərrüfatının hakimiyyətin, parlamentin diqqətindən kənar bir sahə olduğunu deyən N.Əliyev vurğuladı ki, bu baxımdan parlamentin Rəqabət Məcəlləsini qəbul etməməsini bunla da əlaqələndirmək olar. N.Əliyevin sözlərinə görə, bəlkə də kənd təsərrüfatı neft sektoru kimi tez gəlirli sahə olsaydı ona diqqət böyük olardı: “Kənd təsərrüfatına münasibət büdcə siyasətində özünü göstərir. Ölkəyə tətbiq olunan hər yüz manat investisiyanın cəmi 3-5 faizi kənd təsərrüfatına ayrılırsa, bu, hökumətin kənd təsərrüfatına olan münasibətinin ifadəsidir. Ola bilər ki, kimlərsə Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbuluna qarşı çıxsınlar. Amma ümumlikdə qanun hər şeyi həll etmir. Əsas məsələ siyasi iradənin olmasındadır. Əgər siyasi iradə olmayacaqsa, bu qanun da əvvəlkilər kimi kağız parçası olacaq”.
“Rəqabət Məcəlləsinin qəbulundan sonra bazarda inhisarçılığın tarixə qovuşacağı fikri yanlışdır”
YAP-dan olan sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov da vurğuladı ki, Rəqabət Məcəlləsinin qəbulundan sonra bazarda inhisarçılığın tarixə qovuşacağı fikri yanlışdır. N.Məmmədovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının xüsusiyyəti ondan ibarətdir ki, bir çox mütərəqqi qanunların olmasına baxmayaraq, bu qanunlar işləmir: “Bu baxımdan özlüyündə qanun var deyə nizam-intizamın olmasını söyləmək sadəlöhvlükdür. Güman edirəm ki, lisenziyalarla, o cümlədən rəqabət durumuna nəzarət edən ayrıca bir qurum yaradılmalıdır. Bu qurum birbaşa ya ölkə başçısına tabe olmalıdır, ya da parlamentə. Iqtisadi Inkişaf Nazirliyinin nəzdindəki Antiinhisar Departamenti xırda marketlərdə vaxtı keçmiş məhsulların aşkarlanması ilə bağlı öz işlərini bitmiş hesab edirlər. Amma jurnalist araşdırmaları ilə arxasında məmurların dayandığı güclü inhisarçılara qarşı bu departamentin mübarizəsi effektsiz görünür. Hesab edirəm ki, hamımızın marağında olar ki, bu sahədə liberal bazar münasibətləri qaydasına düşsün”.
Konkret olaraq Rəqabət Məcəlləsinin qəbuluna kimlərin mane ola biləcəyinə gəlincə isə, N.Məmmədov bu addımı kiminlərin atdığını konkret söyləməsə də bildirdi ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün 97-ci ildə müraciət edib. Amma hələ də ölkəmiz bu təşkilata üzv ola bilmir: “Azərbaycanın bu təşkilata üzvlüyünə iqtisadi sahəni inhisara almış insanların arxasında duranlar mane olur. Bu mənada onların adı hamımıza bəllidir”.
Xəyal