Hərbi attaşe iki ölkə arasındakı münasibətlərin yeni üfüqlərini cızıb
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Irana planlaşdırılan səfəri yerli və xarici medianın diqqət mərkəzindədir. Ehtimal oluna bilər ki, bu vizit protokol üzrə çoxdan müəyyənləşmiş bir səfərdir və Iran əleyhinə yaranan beynəlxalq koalisiyanın cəhdlərinin şiddətləndiyi indiki zamanın məhsulu deyil.
Amma Azərbaycanın Irandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi Mehman Süleymanovun dünən yaydığı açıqlamadan görünür ki, səfər indiki günlərin aktuallaşdırdığı hansısa məsələlərlə bağlıdır. Mehman Süleymanov IRNA agentliyinə bildirib ki, Azərbaycan bütün müdafiə sahələri üzrə Iranla əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Azərbaycan diplomatiyası özünü “balans siyasəti” adlı düsturun mahir ifaçısı elan edib və Iranla hərbi əməkdaşlığın məhz indiki ərəfədə genişləndirilməsi də həmin balans siyasətinin parlaq təzahürü sayıla bilər. Məsələ burasındadır ki, indi Iran regionun ən ciddi problemi sayılır. Hətta artıq məsələsi həll olunmuş sayılan Bəşər Əsəd belə, dünya siyasətini Iran qədər məşğul etmir. Iranın təhlükəsizlik, müdafiə, kimya, metallurgiya və bir sürü başqa sahələr üzrə beynəlxalq embarqo altına salındığını hamı bilir. Indi bu embarqo ilgəyinin daraldılması, – Iran neftinin alınmasına yasaq qoyulması barədə müzakirələr gedir. Iran, sanki özü də öz ətrafında yaranmış problemlərin gərginləşdirilməsində maraqlı görünür. Britaniyanın Tehrandakı səfirliyinə hücum və bu hadisədən sonra Iran diplomatiyasına davamlı olaraq vurulan “təpiklər” bunun göstəricisidir. Yəni, Iran faktiki olaraq açılması mümkün olmayan bir düyünün içinə salınıb (Yeri gəlmişkən, Iranda hakimiyyət daxilindəki qruplaşmaların prezident Əhmədinejata ünvanladığı ən ağır ittihamlardan biri bu idi ki, o, öz rəqiblərini susdurmaq üçün cadugərlərdən istifadə edir. Açığı, Iran ətrafında yaranan indiki düyünün açılmasında cadugərlərin baş aça biləcəyinə də böyük şübhələr var).
Belə bir mürəkkəb şəraitdə Azərbaycanın Iranla müdafiə sahəsində əməkdaşlığı hansı istiqamətlər üzrə genişləndirəcəyi, hansı istiqamətlər üzrə dərinləşdirəcəyi çox dolaşıq görünür. Bu qədər mürəkkəb gedişi “balanslaşdırılmış siyasət” adlandırmaq olmur. Ən azı ona görə ki, bu balansın mahiyyətcə nədən ibarət olacağı barədə ilkin məlumatlar yoxdur. Tamamilə mümkündür ki, iki ölkə arasında dərinləşdirilməsi nəzərdə tutulan növbəti strateji münasibətlərin dərinliyi Əli Həsənovun Irana baş tutan bu səfəri çərçivəsində müəyyənləşəcək. Cənab Ə.Həsənov yeni strategiyanın siyasi hədəflərini razılaşdırdıqdan sonra müdafiə naziri Səfər Əbiyev hərbi əməkdaşlığın hüdudlarının böyüdülməsi üçün elə də əziyyət çəkməz.
Azad