ABŞ-la anlaşma memorandumu ləğv olunur
Azərbaycan XIN iyunun 20-də Amerika Sülh Korpusuna diplomatik nota göndərərək, hökumətin ABŞ ilə bu könüllülər proqramının Azərbaycanda həyata keçirilməsi haqqında qarşılıqlı anlaşma memorandumunu ləğv etmək niyyəti haqqında məlumat verib. Bu barədə “Turan”ın Vaşinqton müxbirinə Amerika paytaxtında məlumatlı mənbə bildirib.
Bu, Azərbaycan hökumətinin Sülh Korpusunun ölkədə gənclərin ingilis dilində təhsilinin inkişafına yönəlmiş iki böyük proqramı dayandırmasından bir neçə ay sonra baş verib.
Əməkdaşlıq Memorandumu 2006-cı ilin may ayında Iqtisadi Inkişaf Nazirliyi və Sülh Korpusu arasında imzalanıb və ABŞ könüllülərinin ölkədə iqtisadi inkişaf, xidmətlər sahəsi üzrə müəssisələrə köməkdə iştirakını nəzərdə tutur.
Proqramın məqsədi biznes imkanları, işgüzar tərəfdarlar və təşkilatlar potensialının artırılmasında köməklik göstərmək idi. Proqramlar biznes bacarıqlarının aşılanması, texniki biliklərin mənimsənilməsi və azad bazar fəaliyyətinin araşdırılması üzrə treninqlər və konsultasiya xidmətləri nəzərdə tuturdu.
2003-cü ildən Sülh Korpusunun könüllüləri həmçinin Azərbaycanın bütün regionlarında icmalar səviyyəsində, məktəblərdə və universitetlərdə ingilis dilinin tədrisi üzrə işdə fəal iştirak ediblər.
2005-ci ildə gənclərin inkişafı proqramı başlayıb. Bu ilin əvvəlində proqramların dayandırılması haqqında bildiriş alınıb və hazırda hökumətlə könüllülərin öz işini yekunlaşdıracağı tarixi müəyyən etmək üçün məsləhətləşmələr aparılır.
Vaşinqtonda Sülh Korpusu direktorunun yaxın həftələrdə yüksək vəzifəli şəxslərlə bu mövzunu müzakirə etmək üçün Azərbaycana səfər edəcəyini gözləyirlər. 2003-cü ildən etibarən Sülh Korpusunun Azərbaycandakı proqramlarında 500-dən çox könüllü iştirak edib.
Göründüyü kimi, hakimiyyətin ABŞ-a qarşı həmləsi davam edir. Əvvəl MDI-nin fəaliyyəti ləğv olundu, sonra USAID-ə qarşı ittihamlar səsləndirildi. Digər tərəfdən, hökumət mətbuatı da ABŞ-a qarşı ağır ittihamlar səsləndirir. Hətta IŞID-in ABŞ-ın layihəsi olduğunu da iddia etməkdən çəkinmədilər.
Hakimiyyət bütün vasitələrlə Azərbaycandakı vətəndaş cəmiyyətinin ABŞ-la təmaslarını məhdudlaşdırmaq istəyir. ABŞ-la anlaşma memorandumunun ləğv edilməsi də bu istiqamətdə atılan növbəti addımdır. Çünki, Sülh Korpusu könüllülərlə tez-tez treninqlər keçir, müxtəlif sahələr üzrə maarifləndirmə proqramları hazırlayır.
Azərbaycan hakimiyyəti isə ölkə vətəndaşlarının alternativ informasiya almasında, demokratik ölkələrin praktikasını mənimsəməsində maraqlı deyil. Bu kimi layihələrin məhz ABŞ vasitəsilə həyata keçirilməsi isə, ikiqat narahatlıq yaradır. Çünki ABŞ dəfələrlə bəyan edib ki, demokratiya və insan haqları prioritet olaraq qalacaq. Ona görə də hakimiyyət bacardığı qədər ABŞ-ın ölkəmizdəki əlaqələrini məhdudlaşdırmağa çalışır.
Rəsmi Bakının ABŞ-la anlaşma memorandumunu ləğv etməsi ilə bağlı səslənən fikirlərə aydınlıq gətirmək üçün XIN mətbuat xidməti ilə əlaqə saxlamağa çalşsaq da, bu mümkün olmadı
Akif