Hakimiyyətdaxili qruplaşmaların «müharibə»si davam edir
Etiraf etmək lazımdır ki, mövcud hakimiyyət seçkini dəfn etməyi bacarıb. Yəni, yürüdülən siyasət seçki mühitini öldürməyə, vətəndaşın seçkiyə etimadını itirməsinə, seçkinin heç bir dəyişiklik üçün əsas olmadığını şüurlara yeritməyə xidmət edib. Artıq sadə vətəndaş da bilir ki, seçkilər öncədən saxtalaşdırılır, qutudan çıxacaq adlar əvvəldən müəyyənləşir və həqiqi qaliblərin nəticəsi tanınmır.
Amma bütün bunlara baxmayaraq demək olar ki, qarşıdakı seçkilər xeyli coşğulu olacaq. Ona görə yox ki, xalqın seçkiyə həvəsi yaranacaq və hakimiyyət demokratik addımlar atacaq. Ona görə ki, Paşayevlərlə Naxçıvan klanı arasında “ölüm-dirim” savaşı gedəcək.
Bəli, müşahidə etdiyimiz mənzərə və əldə etdiyimiz məlumatlar göstərir ki, hakimiyyət daxilindəki klanlar “kəşfiyyat”a başlayıb və hər iki tərəf “yüksəklik”ləri ələ keçirməyə çalışır.
Əslində, PA rəhbəri Ramiz Mehdiyevin “Ikili standartların dünyaÿnizamı və müasir Azərbaycan” kitabının məhz indiki mərhələdə çapdan çıxması da təsadüf kimi görünmür. Akademik kitabda rəngli inqilablardan söhbət açır və müəyyən mesajlar verir. Kitabın verdiyi konkret mesajlar haqda biraz sonra danışarıq. Indi isə komanda daxili “müharibə”nin simptomlarına nəzər salaq.
Xatırlayırsızsa, bugünlərdə Naxçıvan klanının nümayəndəsi, YAP-çı deputat Siyavuş Novruzov bildirmişdi ki, partiya Leyla Əliyevanın namizədliyini irəli sürəcək və bu məsələdə yekdil qərar var. Əslində, bununla Naxçıvan klanı o mesajı vermək istəyirdi ki, hətta prezident qızının namizədliyi də YAP-ın xeyir-duası ilə həyata keçirilir və seçkilərin sükanı bu komandanın əlindədir. Amma dərhal Heydər Əliyev fondundan reaksiya gəldi və YAP-ın “ssenari”si təkzib edildi. Bildirildi ki, yayılan məlumat əsassızdı. Bununla Paşayevlər klanı Naxçıvan qruplaşmasının planını pozdu və “siz kimsiniz ki, namizəd müəyyənləşdirirsiz” cavabını verdi.
Bunun ardınca Avropa oyunlarının paradı keçirildi və Azad Rəhimov, Əbülfəz Qarayevin dəstəyi ilə 2-3 min gənc şəhərdə gəzişdilər. Hansıki, paradda 15-20 min insanın iştirak edəcəyinin anonsu verilmişdi. Qeyd edək ki, Avropa oyunlarının paradı Paşayevlərin əzələ nümayişi kimi planlşadırılmışdı və ölkə gəncliyinin bu qüvvənin nəzarətində olduğu görüntüsü yaradılırdı. Amma Naxçıvan klanı bacardığını etdi ki, paradda az insan iştirak etsin. Hətta paradda Azərbaycan bayrağının ayaqlar altına atılmasının müxtəlif saytlar vasitəsilə ictimailəşdirilməsi də məlum qüvvənin maraqlarına xidmət edirdi.
Klanlararası “mesajlaşma” hələ də davam edir. Uzun müddətdir YAP-a gəlməyən Əli Əhmədov YAP-çı gənclərlə görüşdü, gənclərə seçkidə iştirakın önəmindən, imzatoplama, müşahidə işində sayıq olmalarından danışdı. Bunun ardınca Mübariz Qurbanlı və Əli Əhmədov Quba-Qusar bölgəsinə, Qəbələyə səfərlər etdilər və o mesaj verildi ki, seçkinin taleyini YAP Naxçıvan klanı müəyyənləşdirir. Bildiyiniz kimi Qəbələ bölgəsi Kəmaləddin Heydərovun, Quba-Qusar isə Ziya Məmmədovun kurasiyasındadır. Yəni, Əli Əhmədovun dəstəsi ilə bu bölgələrə səfəri həm də oliqarxlara mesaj idi. YAP-çılar artıq hansı dairələrdə kimlərin imzatoplayacağını, kimlərin müşahidə aparacağını müəyyənləşdirdiklərini söyləməklə, seçkiyə tamamilə nəzarət etdiklərini bildirirlər.
Göründüyü kimi hər iki klan müxtəlif gedişlərlə öz hökmranlıqlarını sübuta yetirməyə çalışırlar.
Ramiz Mehdiyevin bugünlərdə çapdan çıxmış kitabına gəlincə, burda iki mesaj var. Birincisi, “boz kardinal” bugünə qədər olan xidmətlərini xatırladır, ikincisi “mən olmasam inqilab nəticəsində çökərsiniz” mesajını verir.
Amma “müharibə” hələ bitməyib və qarşıda “ağır döyüşlər” olacaq.