Millət vəkili hakimiyyətin müstəqil olmadığını etiraf etdi
Uzun illərdi Azərbaycan hakimiyyəti Qarabağın qaytarılması üçün “lazım”ı gözləyir. Ölkə başçısı dəfələrlə deyib ki, lazım gəlsə torpaqlarımızı hərbi yolla da azad edə bilərik. Əslində, biz Qarabağı azad etməyə hər gün gecikirik, hər gün bu dərd unudulur, insanlar yeni dərdlərlə yüklənir və Qarabağı xatırlayan nəsil yavaş-yavaş haqqın rəhmətinə qovuşur.
Üstəlik, Qarabağdan didərgin düşənlər üçün yeni binalar tikilir və sanki “dah Qarabağ olmayacaq” mesajı verilir. Təbii ki, bu hakimiyyətin Qarabağ problemi olmadığını hamı gözəl bilir. Əks halda, Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiyanın əlaltısına çevrilməz, Qarabaq qazilərini çörəklə imtahana çəkməzdilər. Yəni, hakimiyyətin bu münaqişədən şəxsi maraqlar üçün sui-istifadə etməsi faktdır.
Amma rəsmi təbliğat belədir ki, lazım gəlsə döyüşərik, güclü ordumuz var və mütləq Qarabağı qaytaracağıq.
Millət vəkili Zahid Oruc isə Qarabağın qaytarılması üçün zəmanət lazım olduğunu bildirib: “Azərbaycan indiyə qədərki siyasi, diplomatik, iqtisadi üstünlüyünü indi artıq hərbi cəhətdən də nümayiş etdirməyi bacarır. Istənilən insan soruşa bilər ki, nə üçün torpaqlarımız silah vasitəsilə azad olunmur”. Cavab bəllidir. Azərbaycan siyasi danışıqlarda müəyyən zəmanətlər əldə etsə, günü sabah müharibə başlaya bilər. Əlbəttə, biz bunu klassik döyüşlər kimi qəbul etmirik. Indi o regionun coğrafiyasına, xarakterinə uyğun müharibə getməlidir. Bu mənada tam əminliklə söyləmək olar ki, Azərbaycanın ön cəbhədəki gücü dövlətin mövqeyinə, daxili həyata, danışıqlar prosesinə güclü bir şəkildə təsir edir"- deyə Zahid Oruc bildirib.
Bəli, millət vəkili etiraf edir ki, müharibə qərarı verməkdə Azərbaycan müstəqil deyil və hansısa qüvvənin zəmanəti lazımdır.
Bəs, o alovlu vədlər hara yoxa çıxdı? Dünənə qədər Azərbaycanın müstəqil olduğunu, daxili işimizə heç kimin qarışmaq iqtidarında olmadığını, bütün dünyanın Azərbaycanla hesablaşdığını deyənlər, indi itirilmiş torpağın qaytarılması üçün zəmanət axtarırlar.
Bəli, 20 ildən artıq bir müddətdə bir qarış da torpağın geri qaytarılmaması, Azərbaycan hakimiyyətinin müstəqil qərar verə bilməməsi ilə bağlıdır. Böyük ehtimalla millət vəkili “zəmanət” deyəndə Rusiyanı nəzərdə tutur. Deməli, bu qədər xidmətlərdən sonra Rusiya bunları bir “zəmanətlik” də qiymətləndirməyib. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü, Rusiyanın istəklərinə qurban verilib.
Sən demə “lazım” ona görə gələ bilmirmiş ki, ona “zəmanət” verən yox imiş.
Əslində YAP hakimiyyəti nəinki Qarabağ məsələsində, ümumiyyətlə xarici siyasətin bütün istiqamətlərində “zəmanət” ala bilməyib. Əksinə, yanlış siyasət Azərbaycanı daha da geri atıb, Qarabağdan biraz da uzaqlaşdırıb. Yeni silahlar almaqla, parad keçirməklə, “ordumuz güclüdür” deməklə, hakimiyyət cəmiyyəti məğlubiyyətə adaptasiya elətdirir. Yəni, ordunun gücü artsa da, son model silahlarla təhciz edilsə də, zəmanət olmayacağı təqdirdə Qarabağ işğaldan azad edilməyəcək.
Bir sözlə, “zəmanət” olmasa, “lazım” gəlməyəcək.
Azad