Avropa Şurasının insan haqlarına dair komissarı Nils Mujnieks aprelin 23-də .Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxış edib. O, nitqində Avropa Oyunları ərəfəsində Azərbaycandakı vəziyyətə toxunub.
Nils Mujnieks AŞ PA deputatlarından birinin iyunda Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycan həbsxanalarında siyasi məhbusların olmasına dair sualını cavablandırarkən ümid etdiyini bildirib ki, ictimai fəalların həbsdən azad edilməsində humanitar aspektlər də nəzərə alınacaq.
Avropalı komissar ümid etdiyini bildirib ki, Fransa prezidenti Fransua Olland Bakıya səfəri zamanı bu problemi Azərbaycan rəhbərliyi qarşısında qaldıracaq.
“Siz isə öz ölkənizə qayıdandan sonra idmançılarınıza hansı ölkəyə getmələri barədə xəbərdarlıq edin” – deyə Nils Mujnieks bildirib.
Avropalı komissar daha sonra onu da deyib ki, insan haqları probleminə məhəl qoymamaq olmaz (“Turan”).