Şəhid ailələri və Qarabağ qazilərinin sosial sığorta haqqı dərhal ödənilməlidir
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) hakimiyyətin talançı siyasətinə etiraz əlaməti olaraq bəyanat verib və şəhid ailələrinin sosial sığorta haqqının dərhal ödənilməsini tələb edib.Bəyanatda deyilir: “Azərbaycan hakimiyyyətinin yarıtmaz siyasəti əhalinin bütün təbəqələrini ehtiyac bataqlığına sürükləyib. Amma bu qədər sosial problemlərin olmasına baxmayaraq, hakimiyyət şəxsi komfortundan imtina etmir, dövlətin sərvətlərini əhəmiyyətsiz layihələrə qurban verir. Bugünə qədər ölkəyə daxil olan 100 milyarddan artıq vəsait müxtəlif adlar altında talan edilib, vətəndaşların sosial rifahı üçün heç bir əməli addım atılmayıb və ölkə sosial-iqtisadi fəlakətin astanasındadır. Bütün bunlara baxmayaraq Avropa oyunlarına 8 milyarddan artıq vəsait xərclənib, xaricdən gələn heyətin bütün xərclərini ödəmək öhdəliyi götürülüb. Hətta ölkəmizə gələcək erməni heyətinin xərclərini də Azərbaycan tərəfi ödəyəcək. Amma 20 ildən artıqdır ki, 13500 şəhid ailəsinə sosial sığorta haqqı ödənilmir. Təkcə Olimpiya stadionuna 640 milyon manat xərcləyən hökumət, şəhid ailələrinin qanuni haqqı olan 148 milyon manatı ödəməkdən imtina edir. Göründüyü kimi ermənilərə milyonlar xərcləməyə razılıq verən hakimiyyət, erməni ilə döyüşdə şəhid olanların haqqını ödəmək istəmir. Hakimiyyətin anti-insani siyasətinin nəticəsidir ki, Qarabağ qaziləri ehtiyac səbəbindən intihar edir, şəhisd ailələri haqlarını almaq üçün etiraz aksiyası keçirir. Son dövrlər isə vətən uğrunda sağlamlığını itirimiş insanların intihar etməsi tendensiyaya çevrilib və bu adamlar dövlətin biganə münasibətindən əziyyət çəkirlər.
Milli Şura şəhid ailələri və Qarabağ qazilərinin sosial sığorta haqqının dərhal ödənilməsini, qanunvericilikdə nəzərədə tutlumuş müddəaların yerinə yetirilməsini və Dövlətin adından çıxarılan məhkəmə qətnamələrinə əməl olunmasını tələb edir”.