Bakı əhəmiyyətini itirən neft söhbətləri ilə Ağ evə təsir göstərmək istəyir
Azərbaycan hakimiyyətinin daxili və xarici siyasəti bütün dövrlərdə qeyri-müəyyən olub. Ancaq həmişə elə düşünüblər ki, xarici siyasətdəki “axsaq”lıqları daxili auditoriyadan gizlətməyi bacaracaqlar. Lakin bu mümkün olmadı. Indi hamı bilir ki, hökumətimizin xarici siyasəti “xaric” oxuyur.
Belə ki, Qərbdən demokratiya və insan haqlarına hörmət tələb olunanda, öhdəliklərə əməl edilməsi gündəmə gələndə, hakimiyyət “müstəqil siyasət” yürütməyə başlayır. O saat aləmə səs salırlar ki, “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz”, “Azərbaycandakı inkişafı gözləri götürmür” və s.
Ancaq, hakimiyyət gözəl bilir ki, Qərblə birmənalı şəkildə konfrantasiyaya getmək intihar deməkdir. Çünki, bu gün hakimiyyət kürsüsünü zəbt edib, milyardlar əldə edənlərin varidatlarının bir hissəsi Qərb ölkələrindədir. Üstəlik, bu adamların müalicəsi, təhsili, istirahəti də Qərb ölkələrində həyata keçirilir. Məmur övladları Avropanın müxtəlif ölkələrində, ABŞ-da şirkətlər əldə ediblər. Eyni zamanda Azərbaycana investisiya qoyuluşunun 90 faizi Qərb ölkələrini payına düşür.
Sadəcə olaraq dünyada gedən demokratikləşmə prosesi və Azərbaycanın da bu prosesin hədəfində olması hakimiyyəti narahat edib. ABŞ prezidenti Barak Obamanın məlum çıxışı zamanı Azərbaycanı tənqid etməsi isə vəziyyəti daha da gərginləşdirdi.
Məhz buna görə son dövrlər hakimiyyətin nəzarətində olan media orqanları, telekanallar antiABŞ kampaniyası aparırlar.
Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, hakimiyyətin “evdə xoruz, çöldə fərə” xislətini ifşa edək. Belə ki, hakimiyyət təmsilçiləri Bakıda ABŞ əleyhinə kəskin fikirlər səsləndirsələr də, ölkə xaricinə çıxanda ikitərəfli əlaqələrin güclənməsindən, ABŞ-ın Azərbaycan üçün mühüm tərəfdaş olmasından danışırlar. Hətta, ABŞ-da lobbiçilərinə 10 milyonlarla pul xərcləyib, öz müsbət imiclərini formalaşdırmağa çalışırlar.
Son günlər isə bir neçə ABŞ konqresmenini Obamaya minnətçi salıblar. Hökumət KIV-inin məlumatına görə ABŞ Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar. Konqresmenlər ABŞ-ın Azərbaycanla tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər: “ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanla terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrdən sonra Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə rəsmi Vaşinqtona köməyini təklif edən ilk ölkələr arasında olub”- deyə konqresmenlər bildiriblər.
Məlumatda bildirilir ki, konqresmenlər Azərbaycanla enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdan söhbət açıblar və Xəzərdə zəngin karbohidrogen ehtiyatlarının olduğunu xatırladıblar.
Bu məqamları ictimailəşdirməklə elə təəssürat yaratmaq istəyirlər ki, guya ABŞ hökumətinin təmsilçiləri Azərbaycanı itirməkdən qorxurlar və bu ölkə ilə əməkdaşlığın zəruriliyini hiss edirlər.
Əvvəla, adı çəkilən konresmenlərin səsləndirdiyi fikirlər sanki hakimiyyətin ənənəvi ritorikasıdır. Bir qayda olaraq hakimiyyət təmsilçiləri Qərblə münasibətlərdə iqtisadi məqamları göz önünə gətirirlər və keçmiş xidmətləri xatırladırlar. Bu dəfə də bir neçə konqresmenin dili ilə Obamanın könlünü almaq istəyirlər.
Digər tərəfdən, xatırlatmaq yerinə düşər ki, ABŞ konqresinin təkcə aşağı palatasında 435 konqresmen var. Yəni 4 nəfər konqresmenin müraciətini ABŞ hökumətinin mövqeyi kimi tirajlamaq sadəlövhlükdü. Və bu adamların ABŞ-ın mövcud siyasətinə təsir etmək imkanı yoxdur.
Çünki, ABŞ hökuməti də bilir ki, Azərbaycan hakimiyyəti münasibətlərin dərinləşməsində səmimi deyil. Əks halda ABŞ-dan gələn nümayəndə heyətinə məhdudiyyət yaradılmaz, ABŞ əleyhinə silsilə yazılar dərc olunmazdı.
Bir sözlə, belə fərdi minnətçilərlə ABŞ-ın mövqeyini yumşaltmaq mümkün deyil. ABŞ-la münasibətlərin normallaşması üçün demokratik dəyərlərə hörmət edilməli və öhdəliklərə əməl olunmalıdır.
Azərbaycan hakimiyyəti isə hər gün daha da avtoritarlaşır və demokratik dünya ilə öz arasında uçurumu dərinləşdirir.
Artıq manevr erası bitib. Indi siyasi iradə və şəffaflıq tələb olunur.
Akif