Ünal Çeviköz hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycanla eyni məsafədə dayanmalıdır
Vəfa Quluzadə: «Türkiyə bu cür siyasəti ilə gündəmdən «erməni soyqırımı» məsələsini çıxarmağa çalışır»
Istefada olan diplomat, Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviköz Ermənistanla sərhədləri açmağa çağırıb. Çeviköz “Hürriyet” qəzetində dərc edilmiş məqaləsində Ankara ilə Irəvan arasında dalana dirənmiş normallaşma prosesinin ancaq Türkiyə hakimiyyətinin yeni təşəbbüslə çıxış etməsi halında irəliləyə biləcəyini yazıb. Ünal Çevikoz 2001-2004-cü illərdə Türkiyənin Bakıdakı səfiri olub.
Daha sonra XIN-də idarə rəisi təyin edilib. 2007-2010-cu illərdə o, Türkiyə XIN-in siyasi planlaşdırma direktoru olub və 2008-ci ildə Isveçrənin Bern şəhərində Ankara-Irəvan gizli danışıqlarında Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Onun fikrincə, Türkiyə Qafqazdakı lider rolunu bərpa etmək üçün yeni təşəbbüslə çıxış edə, situasiyanın dalandan çıxmasına kömək edə bilər. Çeviközə görə, bunun yolu Ermənistanla sərhədləri açmaq və bunun regiondakı vəziyyətə necə təsir edəcəyini yoxlmaqdan keçir. “Opponentlər deyirlər ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması Qarabağ məsələsində Ermənistana təzyiqdir. Lakin 20 ildə Ermənistan Azərbaycanla razılaşmaya məcbur edilməyibsə, bu necə təzyiq rıçağıdır” keçmiş diplomat sual edir. Onun fikrincə, açıq sərhədlər Ermənistana böyük fayda gətirəcək ki, bu da daha ciddi təsir rıçaqı olacaq. “Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Daha sonra Qarabağ prosesində əldə edilmiş irəliləyişi qiymətləndirərək sərhəd məsələsini daha funksional alətə çevirər” deyə Çeviköz yazır.
Keçmiş türk diplomatı hesab edir ki, Türkiyə Cənubi Qafqazdakı bütün oyunçulara “bərabər yanaşmalıdır” və bu yolla özünün ədalətli vasitəçi imicini formalaşdırmalıdır. “Türkiyənin regiondakı önəmini nümayiş etdirməyin vaxtı çatıb. Əgər Türkiyə belə qətiyyət nümayiş etdirsə, Ermənistanla Azərbaycan da onun yolunu davam etdirə bilər”- Çeviköz yazıb.
Türkiyənin Bakıdakı hazırkı səfiri Ismail Alper Coşkun isə bildirib ki, cəbhə xəttində baş verən son hadisə bir daha sübut etdi ki, bu məsələ qısa zamanda sülh yolu ilə həll olunmalıdır.ÿSəfir Azərbaycan mövqelərinə hücum edən erməni helikopterinin Azərbayan hərbçiləri tərəfindən vurulmasına münasibət bildirərkən deyib. “Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə baş verməsinin araşdırılması ilə yanaşı, problemin hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”, – deyə səfir vurğulayıb (Virtualaz.org).
Bu arada Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Ankara Ermənistanla münasibətlərdə daha aktiv kurs götürməyi planlaşdırır.
Politoloq Vəfa Quluzadə bildirdi ki, əslində hazırda müşahidə olunanlar Türkiyənin Azərbaycan müstəqil olduqdan sonra apardığı siyasətin tərkib hissəsidir. Türkiyənin heç zaman birmənalı şəkildə Azərbaycanın tərəfində dayanmadığını deyən V.Quluzadə bildirdi ki, Türkiyə həminşə Ermənistanla münasibətləri normallaşdırmağa çalışıb: “Türkiyə bu baxımdan illər boyu Azərbaycanla Ermənistana təxminən eyni münasibət bəsləyib. Hazırda da bu siyasət davam edir. Düzdür, bizim torpaqlarımız işğal altındadır və Türkiyə bu halı müxtəlif bəyanatlar verməklə pisləyir. Amma Türkiyə Ermənistanın əleyhinə heç zaman real addım atmayıb. Əksinə, 94-95-ci illərdə Türkiyə nümayəndə heyəti Heydər Əliyevdən xahiş edirdi ki, Türkiyənin Ermənistanla sərhədləri açmasına razılıq versin. O zaman Azərbaycanın razılığını ala bilməyən Türkiyə Ermənistanla hava koridoru yaratdı. Bundan sonra Ermənistan təyyarələri Türkiyəyə uçmağa başladı. Türkiyə bu cür siyasəti ilə gündəmdən ”erməni soyqırımı” məsələsini çıxarmağa çalışır. Türkiyə hesab edir ki, Ermənistanla münasibətlər normallaşsa, o zaman soyqırım məsələsi gündəmdən çıxa bilər”.
Türkiyənin keçmiş səfirinin dediklərinin reallığa uyğun sayan V.Quluzadə hesab edir ki, Türkiyə Azərbaycanla inkişaf etmiş ticari əlaqələr qurmaq istəyir. “Bizim Türkiyəyə satdığımız enerji qardaş payı deyil. Türkiyə bizim resurslardan yararlanır, biz də Türkiyənin ərazisindən istifadə edirik. Bu, iqtisadi əlaqələrdir və bu əlaqələri heç zaman emosional müstəviyə keçirmək lazım deyil. Türkiyəni qınamağa da dəyməz. Çünki Türkiyə öz milli maraqlarından çıxış edərək bu cür siyasət yürüdür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması hazırkı dönəm üçün real olmasa da, Qarabağ məsələsində irəliləyiş olduqdan sonra mümkün sayıla bilər”, deyə V.Quluzadə vurğuladı.
Xəyal