Yaxud hakimiyyətin sevgi və nifrət anlayışı
Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətdəki “prioritet”ləri əksəriyyət üçün aydındır. Uzun illər ərzində toplanmış faktlar, müşahidə olunan mənzərə göstərir ki, hakimiyyət demokratiyadan qaçıb, diktaturaya sığınmaq yolunu tutub.
Məhz buna görə də YAP hakimiyyətinin “repertuar”ında “Rusiyanı tərifləyib, Qərbi söymək” tamaşası əsas yer tutub. Biz, bu yazımızda Qərbə vəkillik etmək niyyətində deyilik və belə bir öhdəliyimiz də yoxdur. Sadəcə olaraq Azərbaycan dövləti və milləti üçün hansı seçimin xeyirli olduğuna bir daha aydınlıq gətirmək istəyirik.
Qərb bizdən nə alıb?
Təbii ki, Qərb bizim qara gözümüzə aşiq olmayıb, nə də bizim qəlbimiz gecə-gündüz Qərb sevdası ilə alışıb yanmır. Yuxarıda qeyd etdiyimiz kimi bizim bu məsələlərdə israrımızın səbəbi, ilk növbədə Azərbaycanın çıxarları ilə bağlıdır. Yaşadığımız dünyanın reallıqları göstərir ki, ölkələrin inkişafı Qərbə inteqrasiyadan keçir. Ən müasir texnologiyalar, ən müasir sialh-sursat, ən müasir iqtisadi, hüquqi yeniliklər, təhsil və səhiyyədə uğurlar, məhz Qərb ölkələrinin payına düşür. Insan haqları və demokratiya baxımından da Qərb cazibədar görünür.
Yəni bugün Rusiyanın cəbhəsində “çadır” qurmaq, Qoşulmayanlar Hərəkatına qoşulmaq, Şimali Koreya modelinə doğru istiqamətlənmək Azərbaycana qaranlıq vəd edir. Qərbə inteqrasiyadan imtina etmək üçün heç bir əsaslı səbəb yoxdur. Azərbaycan hakimiyyəti bir qayda olaraq Qərbin demokratiya tələblərini, bumeranq effekti verən bəhanələrlə cavablandırır. Qərbi ikili standartlarda, Qarabağ məsələsində qətiyyət göstərməməkdə, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirlər. Ancaq ümumi mənzərini gözdən keçirəndə bəlli olur ki, ABŞ-ın 13 ştatı Xocalı soyqırımını tanıyıb və bununla bağlı qətnamə qəbul edib. Yaxud Avropa Parlamenti Qarabağla bağlı 2 qətnamə qəbul edib və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını tələb edib. Və ya Fransada Xocalı soyqırımı ilə bağlı aksiyalar keçirilib, anım mərasimləri olub, Fransız rəssamlarının Xocalı sərgisi nümayiş etdirilib və s. Təbii ki, bütün bunlar kifayət deyil və daha effektiv addımların atılmasını tələb edirik. Onu da qeyd etmək yerinə düşər ki, “Vikiliks” saytının yaydığı məlumatlarda ABŞ-ın Azərbaycan üçün önəmli olduğunu baş nazir Artur Rəsizadə də etiraf edir. Belə ki, keçmiş səfir Enn Dersi ilə görüşü zamanı Artur Rəsizadə bildirir ki, ABŞ Azərbaycanın müstəqilliyinin və sabitliyinin qarantıdır.
Yəni hakimiyyət təmsilçiləri da zaman-zaman şəxsi görüşlərdə ABŞ-ın xidmətlərini etiraf ediblər. Göründüyü kimi, Qərb Qarabağı Azərbaycana qaytarmağa nail olmasa da, Azərbaycanın müstəqilliyini və sabitliyini əlindən almaq fikri də yoxdur. Əksinə, Azərbaycan hakimiyyəti demokratik dəyərlərə hörmətlə yanaşsa, Qarabağın işğaldan azad edilməsi daha real olar.
Rusiya Azərbaycana nə verib?
Azərbaycan hakimiyyətinin mənəvi və siyasi baxımdan yaxın olduğu Rusiya faktı da var. Görəsən, Rusiya belə münasibəti nəyin qarşılığında haqq edib? Yəni uzun illər ərzində Rusiya bizə hansı mükafatı verib ki, təşəkkürümüz tükənmir?
ABŞ-ın, Avropa Parlamentinin, Fransız rəssamlarının jesti qarşılığında, Rusiya hansı addımları atıb. Bugünə qədər Rusiya nə Xocalı soyqırımına, nə Qarabağ məsələsinə adekvat münasibət sərgiləməyib. Nəinki münasibət sərgiləməyib, Qarabağın işğalında, Xocalı soyqırımının törədilməsində, 20 Yanvar faciəsinin həyata keçirilməsində həvəslə iştirak edib. Qərbi Qarabağ münaqişəsinə soyuq yanaşmaqda ittiham ediriksə, münasibətləri bu konteksdə müəyyənləşdiririksə, Rusiyaya niyə eyni prizmadan yanaşmırıq?
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın faciələrinə münasibətdə Qərb Rusiya ilə müqayisə oluna bilməz. Hətta, Rusiyanın hansısa vilayəti, hansısa subyekti belə Qarabağla bağlı müsbət fikir sərgiləməyib. Ancaq Rusiyanın tanınmış politoloqu Jirinovski Azərbaycan vətəndaşlarını “qoyun” adlandırıb. Necə olur ki, demokratiya tələb edən Kramer, Kozlariç ən ağır ifadələrlə təhqir olunur, ancaq bizi qoyun adlandıran Jirinovski sevimli qonaq kimi qarşılanır?
Bir sözlə, Rusiya bizə ən ağır dərdləri verdikdən sonra, Jirinovski kimi yetişdirməsinin təhqirlərini də verdi.
Sevmək və söyməyin səbəbi
Yuxarıda izah etməyə çalışdıq ki, Azərbaycan hakimiyyətinin Qərbi söyüb, Rusiyanı sevməsinin səbəbi nə Azərbaycanın maraqları, nə də Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil. Əgər belə olsaydı, münasibətlər və yeridilən siyasət fərqli olardı.
YAP hakimiyyətinin sevgisi də, nifrəti də şəxslərinə qarşı münasibətdən qaynaqlanır. Bu hakimiyyət heç vaxt xarici və daxili siyasəti dövlətin maraqları üzərində qurmayıb. Sadəcə olaraq, Rusiya bütün iyrəncliklərə göz yumduğu, demokratiyanı ləğv etdiyi, korrupsiyanı yüksək qiymətləndirdiyi üçün “böyük qardaş”dı. Qərb isə, siyasi məhbuslara azadlıq tələb etdiyi üçün, inhisarçılığa, korrupsiyaya mənfi münasibət göstərdiyinə görə “böyük düşmən”di.
Yəni Qərb və Rusiya arasındakı seçim, kimin yanında daha çox qazanmaq imkanının olması konteksindən qiymətləndirilir. Təbii ki, bu seçim hakimiyyətin daha çox qazanmasına, xalqın isə daha da müflisləşməsinə xidmət edir. Eyni zamanda bu qazanmaq hərisliyi Azərbaycanı Qarabağdan hər gün uzaqlaşdırır.
Bir sözlə, bu sevgi və nifrət məsələsində xalqın və dövlətin çıxarları rol oynamır.
Akif