Fuad Qəhrəmanlı: «AXCP cəmiyyətə geniş, əhatəli, fundamental sənəd təqdim etməyi düşünür»
AXCP-də növbəti qurultaya hazırlıq prosesi davam etməkdədir. Hazırda partiyanın mütəxəsislər qrupu AXCP-nin yeni proqramı üzərində çalışırlar. Proqramın hazırlanması ilə bağlı işlərin nə yerdə olduğunu AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlıdan öyrəndik. F.Qəhrəmanlı bildirdi ki, partiyanın mütəxəsislərinin partiyanın yeni proqramı üzərində gördükləri iş yekunlaşmaq üzrədir. F.Qəhrəmanlının sözlərinə görə, çox geniş və əhatəli proqram sənədi hazırlanır. Hazırlanan poqramın digər siyasi təşkilatların müvafiq sənədlərindən fərqinə gəlincə, F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanda olan siyasi partiyaların mövcud proqramları o qədər də geniş olmadığı üçün seçki öncəsi müxtəlif sənədlərin hazırlanmasına ehtiyac duyulur: «Beynəlxalq parktikada partiyaların proqramlarına onların hakimiyyətə gələcəkləri təqdirdə atacaqları addımlar əksini tapır. Xalq Cəbhəsinin də yeni hazırlanan proqramı bu istiqamətdə olacaq. AXCP cəmiyyətə geniş, əhatəli, fundamental sənəd təqdim etməyi düşünür. Sənəddə AXCP-nin bütün sahələr üzrə görəcəkləri işlər, prioritetlər əks olunduğuna görə, artıq seçki öncəsi hər hansı proqram hazırlayaraq cəmiyyətə təqdim etməyə ehtiyac qalmayacaq. Bu proqramda həm Xalq Cəbhəsinin ideoloji irsinin varisliyi təmin olunacaq, həm də bir sıra yeni məqamlar nəzərə alınacaq. İlk növbədə Xalq Cəbhəsinin dövlətçilik anlayışını necə gördüyünə aydınlıq gətiriləcək. Bu kontkstdə AXCP-nin tərəfdar olduğu sosial dövlət modeli nədir və necə olmalıdır?».
F.Qəhrəmanlının sözlərinə görə, proqrama ailənin sosial müdafiəsindən tutmuş, əhali üçün nəzərdə tutulan sosial proqramlar əksini tapacaq. Eyni zamanda partiya siyasi islahatların əsas istiqamətlərini necə gördüyünü açıqlayacaq. Cəmiyyətə AXCP-nin Qarabağ probleminin həllini, gənclər və qadınlarla bağlı siyasəti necə gördüyü çatdırılacaq. Ordu quruculuğu, ölkənin xarici syiasəti, təhsil, səhiyyə, elm, texnologiya və mədəniyyətin inkişafı ilə bağlı siyast də diqqətdən kənarda qalmayacaq: «Proqram partiyanın qurultayına təqdim olunacaq. Amma qurultaydan öncə sənəd ictimailləşdiriləcək. İnanırıq ki, təqdim olunan sənəd cəmiyyət tərəfindən maraqla qarşılanacaq. Çünki çox geniş və fundamental yanaşmadan söhbət gedir. Əminik ki, Azərbaycan ictimai-syiasi mühütündə AXCP-nin proqramı geniş müzakirə olunacaq».
Xəyal