«Yunanıstanda qəbul olunan qanun Azərbaycanın da maraqlarına zərbə vurur»
Zahid Oruc: «Düşünürəm ki, bu iqtisadi əlaqələrə təsir edə bilər»
Yunanıstan parlamentinin «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qanun bir sıra suallara cavabı zəruri edir. Qanun irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Xolokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutur. Qanuna görə, “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar. Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Xolokostu və nasizmi inkar edənlərə də aiddir.
Məlum olduğu kimi Azərbaycanla Yunanıstanı bir sıra mühüm layihələr birləşdirir. Yunanıstan Azərbaycanın mühüm enerji tərəfdaşıdır. Türkiyənin yeni seçilmiş prezidenti Ərdoğanın inauqurasiya mərasiminə Sarkisyanın da dəvət olunmasına sərt reaksiya bildirən rəsmi Bakının Afinaya yanaşmada hansı mövqeyi sərgiləyəcəyi maraq doğurur. Baş verən proseslərdə Azərbaycan hansı mövqedən çıxış edəcək və etməlidir? Yunanıstanla münasibətlərə yenidən baxıla bilərmi?
Millət vəkili Zahid Oruc hesab edir ki, qəbul olunan qanun Yunanıstan-Türkiyə münasibətlərindən qaynaqlanan addımdır. İki dövlət arasındakı müxtəlif tarixi mübahisələr bu gün Türkiyəyə qarşı Yunanıstanı da hərəkətə gətirdiyini deyən Z.Oruc vurğuladı ki, Yunanıstanda qəbul olunan qanun Azərbaycanın da maraqlarına zərbə vurur: «Azərbaycan Türkiyə ilə Yunanıstan arasındakı soyuq münasibətə baxmayaraq özünün Avropaya yönəlik enerji siyasətində Afinanı nəzərə alıb. Əslində bu Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yumuşalmasında faktor kimi çıxış edə bilər. Bu cür siyasət Azərbaycanın da maraqlarına uyğun idi. Nəticədə Yunanıstan erməni cinahından hərəkət etmirdi. Amma sonuncu addımın hansı təşəbbüsdən irəli gəldiyi məlum olmasa da, hər bir halda dövlətin maraqlarına uyğundur ki, belə bir sənəd qəbul edilib».
Z.Oruc vurğuladı ki, Fransada oxşar qanun qəbul olunan zaman həm Türkiyənin, həm də Azərbaycanın birgə etirazlarının nəticəsi olaraq layihə Konstitusiya Məhkəməsindən keçmədi. Hazırda da Yunanıstanın qəbul etdiyi qərardan iqtisadi cəhətdən itirdiyini düşünən Z.Oruc vurğuladı ki, çünki Yunanıstanın bu mövqeyi Türkiyə ilə münasibətlərə mənfi təsir edir: «Yunanıstan gərək bunu qiymətləndirəydi ki, bu qanunun qəbulu Azərbaycanla da münasibətlərə mənfi təsir edə bilər. Azərbaycan dövlətinin hansı addım ata biləcəyini mənə söyləmək çətindir. Düşünürəm ki, bu iqtisadi əlaqələrə təsir edə bilər. O cümlədən Xarici İşlər Nazirliyi, parlament səviyyəsində baş verənə reaksiya bildirilə bilər. Eyforiyaya qapılmadan bu məsələnin bizim münasibətlərə necə təsir edə biləcəyini dəyərləndirməliyik».
Xəyal