Texasın “Houston Chronicle” (“Hyuston Xronikası”) qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən araşdırma dərc edib. 10 Konqres üzvünün və onların 35 köməkçisinin Azərbaycan paytaxtına səfərini incələyən Vil Taker və Liz Olson baş verənlərdə mümkün qanun pozuntularının qeydə alındığını vurğulayır.
Söhbət 2013-cü ilin may ayında Heydər Əliyev Mərkəzində təşkil olunan, sabiq senator Riçard Luqarın da qatıldığı konfransdan gedir. Müəlliflər yazırlar ki, səfərin təşkilinin məqsədi ABŞ qanunvericilərinə çıxış əldə etmək və konkret olaraq Şahdəniz layihəsini İrana qarşı ABŞ sanksiyalarından istisna etmək idi.
“Bakıya səfərdən iki ay sonra, səsverməyə bir gün qalmış Konqresdə sanksiyalarla bağlı təqdim olunan qanun layihəsində Şahdənizi istisna edən müddəa peyda oldu və səsvermədən keçdi. Bu, son anda baş verən dəyişikliyə kimin sponsorluq etdiyi aydın deyil”, – deyə yazıda bildirilir.
Azərbaycan Dövlət Neft Şirkəti öz məhsullarını dünya bazarına çıxarmaq üçün amerikalı müttəfiqlər qazanmaqdan ötrü Vaşinqtonda çoxlu pul xərcləyir. “Houston Chronicle” qəzeti əməkdaşlarının topladığı dəlillər göstərir ki, Bakıda təşkil olunan “ABŞ-Azərbaycan: gələcək üçün baxış” başlıqlı konfransda lobbiçilər və enerji şirkətləri fəal iştirak ediblər. ABŞ-dakı türk təşkilatlarının hesabına Bakıya yollanan konqresmenlərdən dördü öz həyat yoldaşlarını, yaxud nişanlılarını özləri ilə aparıblar.
Qanunvericilərin keçmişdə xarici pul hesabına istirahət məkanlarına getmələri ilə bağlı skandallar 2008-ci ildə Nümayəndələr Palatasında islahatlara gətirib çıxardı. Lobbiçilərə və korporasiyalara ABŞ qanunverciləri üçün xaricə səfər təşkil etmək qadağan olundu. Lakin xarici hökumətlər və korporasiyalar hələ də bu işləri görə biləcək gəlirsiz qeyri-hökumət təşkilatlarına pul verməkdə azaddırlar.
Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton və Nyu York şəhərlərində yerləşən və Türkiyə ilə bağlı fəaliyyət göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub.
“Bakıya getmiş qanunvericilər və gəlirsiz təşkilat nümayəndələri korporativ sponsorlar haqda məlumat verməli idilər”, – deyə sənədləri nəzərdən keçirən Konqres etikası üzrə ekspert Ken Boehm bildirir. Bu qurumların vebsaytlarında sponsorları və bannerləri gördükdən sonra belə, onların bunu etməməsi etika qaydalarını pozmuş ola bilər.
“Korporativ sponsorların ödənişli şəkildə məsələdə iştiraklarını etiraf etməsindən sonra Nümayəndələr Palatasında səfərdən öncə tələb olunan anketi dolduran və saxta şəkildə belə bir sponsorluğun olmadığına təminat verən adamın işi bitir”, – deyə Boehm qeyd edir.
Qalmaqlada adları hallanan ABŞ qanunvericilərinin bəziləri – Stiv Stokman və Şeyla Lee Cackson qəzetin sorğularına cavab verməkdən imtina edib. Ted Poe və Mişel Lujan Qrişamın ofisləri isə onların Azərbaycanda hansısa lobbiçilik fəaliiyyətinə cəlb olunmadıqlarını bildirir (amerikanınsesi.org).