Vəfa Quluzadə: «Avropa Birliyinin enerji siyasəti Qərbin ilkin maraqlarındandır və Azərbaycanın bu layihələrdə iştirakı bizim mənafeyimizə uyğundur»
ABŞ Konqressi Rusiyanın təcavüzünün qarşısının alınması haqqında qanun layihəsini ikinci oxunuşda qəbul etməsi maraqlı situasiya yaradıb. Konqress ABŞ prezidentinə bir sıra keçmiş sovet ölkələrinin, o sıradan Azərbaycanın təhlükəsizliyini təmin etməsi üçün addımlar atmağa çağırır. Bu isə artıq yaranmış situasiyada Rusiya ilə ABŞ-ı iki əks-düşərgə kimi üz-üzə qoyur. Baş verənlərin fonunda cərəyan edən digər hadisələr də maraq doğurur.
Belə ki, bir müddət əvvəl Qərbi Balkan ölkələrinin liderləri Avropa Birliyinin enerji siyasəti prinsiplərinə əməl etməklə bağlı öhdəlik götürüblər. Almaniya kansleri Angela Merkelin altı Balkan ölkəsinin lideri ilə son görüşü Avropa Birliyinin enerji siyasətinin müəyyən edilməsindəki prioritetləri ortaya qoydu. Görüşdən sonra Qərbi Balkan ölkələri Rusiyanın mövqeyinə zidd olan Avropa Birliyinin enerji siyasəti prinsiplərinə tərəfdar olduqlarını bildiriblər.
Onu da xatırladaq ki, bu açıqlamalar Böyük Britaniyanın energetika naziri Maykl Fallon Bakıda səfərdə olarkən verdiyi mühüm bəyanatlarla üst-üstə düşür. Britaniyanın “Tranxəzər” layihəsini aktiv formada dəstəklədiyini deyən nazir vurğulamışdı ki, Qərb bu istiqamətdə hətta Rusiyanın hədələrinə də qarşı durmağa hazırdır. Bütün bu mənzərəni Avropa Birliyinin komissarı Ştefan Fülenin açıqlaması tamamlayır. Füle Rusiyanın “Cənub axını” layihəsinin Avropa Birliyi üçün tam yararsız olduğunu bəyan etməklə yanaşı Rusiyanın ünvanına sərt mesajlar da ünvanlamışdı. Artıq açıq şəkildə görünür ki, beynəlxalq aləm Azərbaycanı Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm halqa sayır. Belə olan halda artıq Azərbaycanın beynəlxalq aləmin bu təpkisinə qarşı uzun müddət duruş gətirəcəyi inandırıcı deyil.
Politoloq Vəfa Quluzadə hesab edir ki, əslində Rusiyanın hazırda atdığı addımların fonunda Avropada olduqca təhlükəli durum yaranıb. Putinin hazırda atdığı addımları və Avropanın baş verənlərə qeyri-adekvat yanaşmasını Hitlerin hakimiyyətə gəlməsi ilə müqayisə edən V.Quluzadə bildirdi ki, ümumiyyətlə, SSRI dağıldıqdan sonra Qərbin Rusiyaya yanaşması sərt xətt üzrə inkişaf edib: “Rusiya hazırda itirilmiş mövqelərini bərpa etməklə məşğuldur. Atılan addımlar SSRI-nin keçmiş sərhədlərini bərpaya hesablanıb. Qərb bu reallığı nə qədər tez anlasa, situasiyadan çıxış yolu bir o qədər tez tapılar”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi layihələrində iştirakına gəlincə, V.Quluzadə bildirdi ki, Qərbin təminatları ciddi və əsaslı olarsa, o zaman Azərbaycanın milli maraqları Qərbə bu istiqamətdə dəstək verməyi tələb edir. Hazırda Rusiyaya qarşı atılan addımların yalnız bəyanatlardan ibarət olduğunu deyən V.Quluzadə düşünür ki, Rusiyaya qarşı sanksiyalarla yanaşı bu dövlətin Ukraynanı tam tərk etməsi üçün sərt addımlar atılmalıdır: “Avropa Birliyinin enerji siyasəti Qərbin ilkin maraqlarındandır və bu maraqlar reallaşacaq. Ona görə Azərbaycanın bu layihələrdə iştirakı bizim maraqlarımıza uyğundur. Amma biz bu addımı atmamışdan öncə təhlükəsizliyimizə tam əmin olmalıyıq. Belə bir təminat olmayınca Azərbaycanın bu layihələrə qoşulması heç bir nəticə verməyəcək”.
Xəyal