Bu ölkədə kimin haqqı tapdalanırsa başının üstündə min bir məhrumiyyətlərlə yaşayan, lakin heç bir təmənnası olmayan cəbhəçiləri görür
Gültəkin Hacıbəyli
Azərbaycan xalqı dünya tarixinin ən nəhəng və ən qəddar imperiyalarından biri olan Rus İmperiyasına qarşı ötən yüzildə iki böyük mücadilə salnaməsi yaradıb. Əsrin əvvəllərində çar Rusiyasına qarşı azadlıq mübarizəsi aparan babalarımız bütün müsəlman-şərq tarixində ilk dünyəvi cumhuriyyəti təsis etməklə dünyaya demokratiya dərsi keçdilər. Sovetlərin 70 il ərzində dayanmadan biçdikləri zəmi 20-ci əsrin sonlarında yenidən boy verdi və Azərbaycanın azadlıq tarixinin növbəti şanlı səhifəsi yazıldı. Yenə də xalqımız dünyanı heyran qoymağı bacardı: öz ərazisindən rus hərbi bazalarını çıxararaq gerçək azadlığına qovuşan ilk Avropa dövləti Azərbaycan oldu. Ən qısa zamanda həyatın müxtəlif sahələrində cəsarətli demokratiya örnəkləri yaradıldı. Elə örnəklər ki, onları həzm etmək nəinki pusquda yatıb qisas anını gözləyən imperiyaya, hətta avroritar sovet qılafından çıxa bilməmiş yerli ictimai düşüncə üçün də çətin olacaqdı…
Bu gün İkinci Azadlıq hərəkatının şərəf tarixini yaradan bir birliyin – Azərbaycan Xalq Cəbhəsi Partiyasının 25 illik yubileyidir. Və bu gün heç tərəddüdsüz AXCP nəinki demokratiya və azadlıq tariximizin, həm də repressiya tariximizin avanqardıdır. AXCP ən çox təzyiqlərə məruz qalan, üzvləri ən çox təqib olunan və həbs olunan partiyadır. AXCP-nin qərargah problemi ətrafında yaşanan tragikomediya bu partiyaya olan gerçək münasibətin əyani göstəricisidir. Bu gün cəbhəçi sözü az qala işsiz sözünün sinoniminə çevrilib. Ancaq bir gerçək də var ki, bu ölkədə siyasi mənsubiyyətindən asılı olmayaraq, kimin haqqı tapdalanırsa, kimin hüquqları pozulursa, dərhal başının üstündə min bir məhrumiyyətlərlə yaşayan, lakin heç bir təmənnası olmayan cəbhəçiləri görür. Ölkədə yüzlərlə təminatlı media quruluşu olsa da, səsinə təmənnasız olaraq bir tək əməkdaşlarına aylarla əməkhaqqı verə bilməyən “Azadlıq” qəzeti səs verir. Bu gün cəbhəçilərin gerçək iş yeri siyasi məhbusların məhkəmələridir. Mən bütün bunları təkcə eşitdiklərim, gördüklərim deyil, yaşadıqlarım əsasında, özü də böyük minnətdarlıq duyğusu ilə qələmə alıram. Heç vaxt tanımadığım cəbhəçilər ən çətin günlərimin dostuna çevrildilər. AXCP haqqında daha necə xoş sözlər demək olar, ancaq mən yalnız bu partiyanın iki fəalının son dövrlər cəmiyyətə verdiyi əxlaq və mənəviyyat nümunələri ilə kifayətlənəcəyəm: bunlar Pərviz Həşimli və Kəmalə Bənənyarlı nümunələridir. Az qala hər şeyin alınıb-satıldığı bir dövrdə şərəfini, mənliyini, şəxsiyyətini qoruyaraq məhbəs həyatını maddiyyatdan, təminatlı və rahat həyatdan üstün tutmaq cəmiyyətə bir ləyaqət dərsi idi və bu dərsin izsiz ötüşməyəcəyinə əminəm.
Cəbhəçi olmasam da, məni heç vaxt özlərindən ayrı bilməyən əziz dostlarım! Sizə, özümə və xalqımıza ən yaxın zamanda həyatınızın ən gözəl illərini sərmayə olaraq yatırdığınız demokratiya ağacının meyvəsindən dadmağı arzulayıram. Ad gününüz mübarək!