Dekabrın 5-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Bu barədə mətbuata İctimai Palatanın Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu məlumat verib. O deyib ki, toplantıda ölkə gündəmindəki aktual məsələlərin bir qismi müzakirə olunub. O cümlədən, İP-də islahatların həyata keçirilməsi ilə bağlı təkliflər və layihələr müzakirəyə çıxarılıb.
Qərarların icrası ilə bağlı İP KŞ üzvləri Vidadi Mirkamal, İsa Qəmbər, Əli Kərimli, Zəfər Quliyev, Köçəri Nağıbəyli, İlqar İbrahimoğlu, Mirvari Qəhrəmanlı və başqaları danışıblar. Müsavat başqanı İsa Qəmbər sonuncu Avropa səfəri və Avropa təsisatlarının Azərbaycana getdikcə artan diqqəti haqqında məlumat verib. İP-in təşkilatçılığı ilə keçirilən son ictimai dinləmə və hüquqşünasların hazırladığı “Seçki islahatları memorandumu” haqqında xüsusi qərar verilib. KŞ qərara alıb ki, memorandumda İP-in ictimai dinləmələri zamanı irəli sürülən təkliflər və qeydlər nəzərə alınsın; sənədin son redaktəsindən sonra onun imzalanması prosesi həyata keçirilsin. İlin sonuna qədər isə ölkənin demokratik düşərgəsini funksional əməkdaşlıq faktoru ilə birləşdirmək hədəfi götürən bu sənədin – memorandumun təqdimatı keçirilsin.
Daha sonra İP-də islahatlarla bağlı qızğın və uzun sürən müzakirələr keçirilib. Qərara alınıb ki, növbəti iclasda bir daha bu mövzuya qayıdılsın. İclasda Nigar Yaqublunun məhkəməsi və onun, çoxsaylı müraciətlərə baxmayaraq, yenidən həbsdə saxlanması da müzakirə edilib. AXCP sədrinin qaynı, “Texnikabank”ın əməkdaşı Elnur Seyidovun həbs müddətinin 3 ay uzadılması isə İP KŞ tərəfindən kəskin pislənib və qərara alınıb ki, bu barədə xüsusi bəyanatla çıxış edilsin. Naxçıvan MTN-in Avropaya qaçdığı iddia edilən əməkdaşının “Azadlıq” qəzetinə verdiyi açıqlamalar da müzakirə edilib. Qərara alınıb ki, bu mövzuda xüsusi ictimai dinləmə keçirilsin.
Müzakirələr zamanı Avropa Birliyinin Azərbaycandakı səfiri cənab Roland Kobianın son bəyanatına da toxunulub. İP KŞ-nin bu məsələdə mövqeyi bu olub ki, cənab Kobianın bu mövqeyi təəccüb doğurur və Avropa Birliyinin dəyərləri, bu qurumun Azərbaycanla bağlı yanaşması ilə üst-üstə düşmür. İP KŞ ümid edir ki, Avropa Birliyinin Bakıdakı səfirliyi bu məsələ ilə bağlı ictimaiyyətə izahat verəcək, məsələni aydınlaşdıracaq.
Toplantıda 10 dekabr aksiyası da müzakirə edilib. Qərara alınıb ki, aksiyaya hazırlıq gücləndirilsin və aksiyada Koordinasiya Şurasının üzvlərinin də iştirakı təmin edilsin.