Əbülfəz Qurbanlı: «Qanunu pozan, ayaqlar altına atan Azərbaycan hakimiyyətinin özüdür»
Tural Abbaslı: «Mübariz Qurbanlı kimilərin fikirlərini ciddiyə almaq lazım deyil»
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı müxalifətçi gənclərin noyabrın 17-də Fəvvarələr meydanında keçirdiyi aksiyanı “xuliqanlıq” kimi qiymətləndirib.
“Bunun adına aksiya, mitinq, piket demək olmur. Mən bunun adını sadəcə, xuliqanlıq qoyardım. Bu, ictimai asayişi pozmağa yönəlmiş xuliqanlıq hərəkətindən başqa bir şey deyil”, – deyə Qurbanlı “trend”ə açıqlamasında bildirib.
YAP-çının səsləndirdiyi fikirlərə münasibət bildirən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyir ki, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığının qanunla təsbit olunmuş formalarına həmişə meydan verilməlidir: “Bizim fəaliyyətimizdə Azərbaycan əhalisinin bütün sosial qrupları, gənclər və yaşlılar iştirak edir. Aksiyada həbs olunanların siyahısına diqqət etsək, onların əksəriyyətinin heç də gənc olmadığını görərik. Əhalinin bütün sosial qrupları öz haqqını tələb edir. Əslində, qanunu pozan, onu ayaqlar altına atan Azərbaycan hakimiyyətinin özüdür. Azərbaycan hökuməti Saakaşvili kimi demokratik seçkilər keçirməyi bacarsaydı, Gürcüstanın keçmiş hökuməti kimi ifadə azadlığına, vətəndaşların sərbəst toplaşmaq azadlığına hörmət etsəydi, o zaman mənzərə tamam başqa cür olardı”.
Əbülfəz Qurbanlının sözlərinə görə, keçirilən aksiyalar cəmiyyətin tələbidir. Ona görə də iqtidar partiyaları siyasi fəaliyyətlə məşğul olan bir toplum olaraq, yalan danışmamalıdır.
Müsavat partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslı isə hesab edir ki, Mübariz Qurbanlı, Siyavuş Novruzov kimilərlə debata girməyin heç bir mənası yoxdur: “Mübariz Qurbanlı insanların öz haqqını tələb etmək azadlığının nə olduğunu bilmirsə və bunu xuliqanlıq kimi qiymətləndirirsə, onun təmsil olunduğu partiya və hakimiyyətin halına sadəcə, acımaq qalır. Ona görə də Mübariz Qurbanlı kimilərin fikirlərini ciddiyə almaq lazım deyil”.
Nigar