Ziya Məmmədov «fövqəlnazir»lə liman savaşından qalib çıxdı
Bəylər Əyyubov nəqliyyat nazirinin köməyinəə necə çatdı?
Bakıda yeni dəniz ticarət limanının tikintisi və gələcəkdə limana nəzarət uğrunda nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında 2 ildən artıqdır davam edən mübarizə birincinin qələbəsi ilə başa çatıb. Artıq Ələtdə inşa olunacaq limanın tikintisi üçün Nəqliyyat Nazirliyində idarə də yaradılıb.
Dəniz limanı uğrunda iki nazirin savaşı lap əvvəldən, hələ onun Bakının mərkəzindən Ələtə köçürüləcəyi elan olunan günlərdən başlayıb. Ilk vaxtlar 3 milyard dollara başa gələcəyi deyilən limanın tikinti işlərini ələ keçirmək üçün son vaxtlara qədər “fövqəlnazir” Heydərov fövqəladə imkanlarda görünürdü. Limanın yeni ünvanı Qaradağ rayonuna icra başçısı vəzifəsinə məhz “Heydərovun adamı” Süleyman Mikayılovun göndərilməsi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin rəisi Aydın Bəşirovun ona yaxın şəxs olması bu yeni çoxmilyardlıq layihənin “fövqəlnazir”ə həvalə ediləcəyi ehtimallarını gücləndirirdi. Amma demə, Ziya Məmmədov da boş oturmayıbmış. Bu barədə bir az sonra.
Bir liman, iki nazir…
Yeni limanın görünüşü (layihə)
Hələliksə onu xatırladaq ki, yeni dəniz limanı uğrunda savaş təkcə onun tikintisi zamanı mümkün korrupsiya hesabına əlavə milyonlar qazanmaq naminə deyildi. Bu, həm də limanın gələcək fəaliyyəti zamanı ondan bir ticarət mərkəzi kimi qazanılacaq böyük pullara sahib olmaq baxımından əhəmiyyətli idi. Iki nazir də məhz buna görə bütün güc və imkanları ilə “limana doğru yürüyürdü”.
Indi belə görünür ki, nəqliyyat naziri daha möhkəm “təkərlər” üzərində şütüyürmüş və onun “fövqəlnazir” rəqibi hansısa fövqəladə vəziyyət yarada bilməsə oyunu uduzub. Hər halda Ziya Məmmədov artıq özünü yeni limanın “ağası” kimi ictimaiyyətə təqdim edir. O, rəsmi mətbuatda bu yeni layihənin mərhələləri və qiyməti haqda məlumatların yer aldığı məqalə yazıb (ya da yazdırıb) nümayiş etdirir ki, “işin biləni” məhz odur.
Layihə neçəyə başa gələcək?
Məmmədov yazır ki, yeni limanın inşaat dəyəri 870 milyon manat məbləğindədir. Hərçənd, sonradan bu məbləğin artmayacağına da nazir heç bir təminat vermir. Nazir vəd edir ki, əsas olan birinci mərhələnin həyata keçirilməsinə 540 milyon manat, ikinci mərhələyə 150 milyon manat, üçüncü mərhələyə isə 180 milyon manat xərclənəcək. Nazir bir də onu əlavə edir ki, yeni limanın öz tutumu üzrə dünyada analoqu olmayacaq.
Yeni limanın imkanları
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi 2010-cu ilin noyabrında baş tutub. Liman kompleksinin layihəsini Hollandiyanın “Royal Haskoning” şirkəti hazırlayıb. Limanın 2014-cü ildə fəaliyyətə başlaması planlaşdırılır. Tikinti layihəsi 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 10 mln. tona qədər yük və 40 min konteyner, ikinci mərhələdə 17 mln. tona qədər yük və 150 min konteyner, üçüncü mərhələdə isə 25 mln. tona qədər yük və 1 milyon konteynerin daşınması nəzərdə tutulur.
Layihə çərçivəsində limanın normal fəaliyyət göstərməsi üçün 400 hektar ərazidə bütün zəruri infrastrukturun tikintisi planlaşdırılıb.
Nəqliyyat şefi rəqibini necə yendi?
Bəylər Əyyubov
Yaxşı bəs, Ziya Məmmədov bu ağır mübarizədə Heydərov kimi qüdrətli rəqibini necə sıradan çıxara bilib? Redaksiyamıza daxil olan bilgilərə görə, bunun üçün nəqliyyat şefinə “yedəyindən yapışmaq” üçün çox iri “lokomotiv” lazım olub və… ölkə başçısının şəxsi qoruması, hakimiyyətdaxili güclərin ən güclülərindən biri general Bəylər Əyyubov köməyini əsirgəməyib. Daha dəqiqi, Ziya Məmmədov yeni layihəni rəqibinin, az qala ovcunun içindən qamarlayıb götürə bilmək üçün Bəylərovu özünə şərik qismində müttəfiq seçib. Bəylərovun bu seçimə, necə deyərlər, hörmətlə yanaşması üçün isə ortada yetərincə bağlar var. Bu minvalla limanın tikintisi Bəylərovun nəzarətində olduğu deyilən “Azərkörpü”yə tapşırılıb, onun bir ticarət obyekti kimi fəaliyyətindən götürüləcək gəlirdə də generalın öz payının olacağı vəd edilib.
***
O qədər də əhəmiyyətli olmayan daha artıq detallara baş vurmadan deyə bilərik ki, məhz ölkə başçısının kürəyini etibar etdiyi Bəylərovun “işin içindən çıxması” Heydərovu geri çəkilməyə vadar edib. Amma “fövqəlnazir”in nə qədər geri çəkildiyi və yeni həmlələrə baş vurub-vurmayacağı da zamanın cavab verəcəyi məchul məsələdir.
İnformasiya şöbəsi