Oxşar qərarı Avropa Şurası da verib. AŞ da Azərbaycanda keçiriləcək seçkiləri izləmək niyyətindədir. Amma seçki öncəsi mühit də diqqətdən yayınmır. Hakimiyyətin real alternativi olan Milli Şura seçkiyə qatılmaqla bağlı qərar qəbul etməyib. Ölkədə söz azadlığının, insan haqlarının vəziyyəti acınacaqlı durumdadır. Hakimiyyət beynəlxalq təşkilatlardan gələn tövsiyələri yerinə yetirmir. ATƏT və AŞ-dan son sərt bəyanatlarda əksini tapan islahatları da iqtidar qulaqardına vurub.
Ölkədəki vəziyyəti nəzərə alan Avropa Parlamenti seçkiləri müşahidə etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməkdən imtina edib. Bundan başqa, AP üzv dövlətlərin təmsilçilərinə də xəbərdarlıq edib ki, Azərbaycandakı seçkiləri parlamentin adından fərdi şəkildə də izləmək yasaqdır. Əslində hakimiyyətin beynəlxalq birliyin seçkiləri boykot edəcəyi ilə bağlı ciddi narahatçılığı var idi. Bu narahatçılıq iqtidar təmsilçilərinin də bəyanatlarından hiss olunurdu. Onlar hətta bəyan edirdilər ki, xarici müşahidəçilər üçün hər cür şəraiti yaratmağa hazırdırlar. Amma reallıqda dövlət başçısı nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını kağız parçası adlandırır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, istər AŞ, istər AB, istərsə də ATƏT Azərbaycanda insan haqlarının vəziyyəti və seçkiöncəsi mühitin ağır olması ilə bağlı açıq və birmənalı mövqe sərgiləyirlər. Onlar dəfələrlə öz bəyanatlarında, bu təşkilatların rəhbərləri açıqlamalarında Azərbaycanda demokratiya ilə bağlı durumu sərt şəkildə tənqid etdiklərini deyən G.Hacıbəyli vurğuladı ki, AP hətta üzvlərinə fərdi qaydada belə seçkiləri müşahidə etməyi qadağan edib. G.Hacıbəylinin sözlərinə görə, bu da ona görə baş verib ki, 2010-cu ilin seçkilərində AB-nı təmsil edən bir qrup lobbist ATƏT-in Müşahidə Missiyasının mövqeyi ilə fərqli mövqe sərgiləyib: “Daha sonra Avropa Birliyi bu mövqedən imtina edərək ATƏT-lə vahid mövqedən çıxış etdi. Mövqe birmənalıdır. Bütün Avropa təşkilatları Azərbaycanda mühitin dözülməz olduğunu qeyd edirlər”.
ATƏT və AŞ-nın seçkiyə müşahidə göndərməsinə gəlincə, G.Hacıbəyli vurğuladı ki, bu, hakimiyyətin əlindən gələcək arqumentləri almağa hesablanıb. Çünki iqtidar gələcəkdə “seçkini müşahidə edə bilməyən təşkilatlar seçkiyə rəy verə bilməz” bəyanatı ilə çıxış edə bilər. G.Hacıbəyli hesab edir ki, beynəlxalq təşkilatların seçkidə iştirak niyyəti prosesin daxilində olmaq arzusundan irəli gəlir: “Həmin beynəlxalq təşkilatların seçkiyə obyektiv rəy verəcəyinə inanıram. Xüsusilə nəzərə almaq lazımdır ki, ATƏT-in müşahidə missiyasının qiymətləndirmə rəyi son seçkidə kifayət qədər obyektiv olub. Düşünürüəm ki, növbəti seçkiyə verilən rəy də obyektiv, birmənalı və prinsipial olacaq. Beynəlxalq təşkilatlar çalışacaqlar ki, hər şeyi olduğu kimi fiksə etsinlər”.
Xəyal