«Le Monde»: «Olland xarici siyasətdə insan haqlarını ön plana çəkməlidir»
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşı Jan Mari Fransa prezidenti Fransua Ollandı avtoritar rejimlərlə, o cümlədən Əliyev hökumətilə əlaqələrə görə sərt tənqid edib. Onun bu haqda geniş məqaləsi Fransanın məşhur “Le Monde” qəzetində yayımlanıb.
“Fransua Olland insan haqları diplomatiyasını dəfn edir” başlıqlı məqalədə Jan Mari yazır ki, avqustun 6-da Fransua Ollandı Misir prezidenti Sissi ilə yanaşı əyləşən görəndə onun sələflərinin Hüsnü Mübarəklə münasibətlərini xatırlayıb: “Mübarək və onun repressiv sisteminə xeyli vaxtdır ki, Misirin bütövlüyünün qorunması üçün islam fundamentalizminə qarşı daha yaxşı istehkam kimi baxılır. Bu sistem uzun illər təkcə Parislə yox, London və Vaşinqtonla da yaxşı münasibətdə olub. Sonra 2011-ci ilin yanvarında demokratiya küləyi əsdi və elə həmin paytaxtlar Misir xalqının ölkədəki korrupsioner, avtoritar rejimi devirmək cəsarətini dəstəklədi.
Ardınca baş tutan demokratik seçkidən üç il sonra isə Mursi hakimiyyətinə qarşı faktiki hərbi çevriliş oldu. 2013-cü ildə keçmiş prezident Mursinin tərəfdarlarına qarşı amansız repressiyalar gələcək prezident Sissinin nəzarəti altında həyata keçirilirdi. Ədalətsiz məhkəmələr vasitəsilə yüzlərlə adamın barəsində ölüm hökmü çıxarıldı. Amma Fransa Misirin bu yeni avtoritar hakimiyyətilə də münasibətlər saxlamağa üstünlük verdi. 2012-ci ilin mayından Fransanın prezidenti olan Ollandın bu və ya digər ölkəki real vəziyyətlə barışmaq siyasətində bu, hələlik sonuncu epizoddur".
Məqalədə qeyd olunur ki, öz vətəndaşlarını hədsiz repressiyalara məruz qoyan, tez-tez ölüm hökmü çıxaran, Yəməndə dinc əhalini belə bombalamaqdan çəkinməyən, Bəhreyndə müxalifəti boğmaq üçün səylər göstərən Səudiyyə Ərəbistanı ilə də Olland yaxşı münasibətlər saxlayır. Həmçinin avtoritar Əlcəzair hakimiyyətilə də yaxın münasibətlər qorunur. Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri kimi rəqiblərini əzən hökumətlərlə də münasibətlər davam etdirilir.
Azərbaycanla münasibətlərə gəlincə, Jan Mari yazır: “Həndəsi dəyişikliklə müşayiət olunan diplomatiya təkcə ərəb dünyası ilə məhdudlaşmır. Fransalı nazirlər Azərbaycanda Ilham Əliyevin avtoritar hakimiyyətilə əməkdaşlıq etməkdən çəkinmirlər. Halbuki, bu ölkədə tanınmış hüquq müdafiəçisi, Fransanın Şərəf Legionu Ordeninə layiq görülmüş Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus siyasi motivlərlə uzun müddətə azadlıqdan məhrum edilib”.
“Human Rights Watch” təmsilçisi sonda əlavə edir ki, Ollandın prezidentlik dövrünün başa çatmasına 18 ay qalıb. Ən azı, bu müddətdə o, insan haqları məsələsini gündəliyinə daxil etməlidir. Əks halda, onun beş illik prezidentlik dövrü xarici siyasəti baxımından daha çox yeni bazarlara çıxış əldə etmək üçün səylər göstərməsilə yadda qalacaq.
Siyasət şöbəsi