Avstriyanın «Der Standard» qəzeti Əliyev rejiminin tənqidçilərə qarşı repressiyalarından yazır
AŞ PA prezidenti: «Mən bunu eşidəndə şoka düşdüm…»
Azərbaycanda vətəndaş cəmiyyətinə, mediaya qarşı repressiyalar nəticəsində həbs olunan hüquq müdafiəçiləri, jurnalistlərin işinə, o cümlədən onların məhkəməsinə beynəlxalq diqqət böyükdür. Son vaxtlar dünyanın onlarla tanınmış media orqanı tanınmış hüquq müdafiəçisi Leyla Yunusun, araşdırmaçı jurnalist Xədicə Ismayılın məhkəmələri barədə məlumatlara kifayət qədər yer ayırır. Bu qəbildən olan daha bir material Avstriyanın “Der Standard” qəzetində dərc olunub. Məqalənin tərcüməsini təqdim edirik:
“Tanınmış jurnalist Xədicə Ismayılovanın beynəlxalq aləmin diqqətlə izlədiyi məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror Xədicə Ismayılovanın 9 il azadlıqdan məhrum edilməsini təklif edib.
“Mən bunu eşidəndə şoka düşdüm”, – deyə Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Broşür ötən ilin dekabrında həbs olunmuş Xədicə Ismayılova ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
39 yaşlı jurnalist Avropa Şurasının dəyərli tərəfdaşı idi. Iyun ayında Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı qətnamə qəbul edərək, hakimiyyəti ölkədəki hüquq müdafiəçilərinə, müstəqil mətbuata, hökuməti tənqid edən şəxslərə qarşı sistematik repressiyalara son qoymağa çağırıb.
Xəzər dənizinin sahilində yerləşən bu keçmiş sovet respublikası Avropa Şurasının üzvü olan ölkələrdən Ermənistan və Gürcüstanla da qonşudur.
Daha bir məşhur hüquq müdafiəçisi Leyla Yunus bu yaxınlarda 8 il yarım azadlıqdan məhrum edildi. Onun həyat yoldaşı Arif Yunusa isə 7 il həbs cəzası verildi.
Hazırda Azərbaycan həbsxanalarında təxminən 90 nəfər siyasi məhbus var. Onların bir qismi dindarlardır.
Xədicə Ismayılova xeyli vaxtdır ki, Azərbaycandakı rejimin “qara siyahısında” idi. Azad Avropa/Azadlıq radiosunun Bakı bürosunun keçmiş rəhbəri olan Ismayılova 2010-cu ildən bəri dəfələrlə prezident Ilham Əliyevin ailə biznesini üzə çıxaran məqalələr hazırlayıb. Bundan sonra Ismayılovanın evinə gizli kamera yerləşdirilərək, onu yataq otağında lentə alınmış görüntülərin yayılacağı ilə şantaj etdilər. Xədicə Ismayılovadan rejimə ziyan vuran məqalələrini dayandırmaq tələb olunurdu. Lakin jurnalist bu şantaj qarşısında geri çəkilmədi. Ismayılova bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Xədicə Ismayılova həmkarını intihar cəhdinə vadar etməkdə ittiham olunur. Lakin həmin şəxs bu yaxınlarda məhkəmədə ifadə verərək ittihamın əleyhinə çıxıb, intihar etmək istəyinin Ismayılova ilə əlaqəsi olmadığını bildirib. O, şikayət ərizəsini geri götürüb.
Azərbaycanda bu ilin noyabrında parlament seçkiləri keçiriləcək".
Siyasət şöbəsi