Türkiyə hökumətinin yaxın vaxtlarda məsələ barədə Bakı ilə danışıqlar aparacağı gözlənilir
Türkiyə hökumətinin PKK məsələsilə bağlı Azərbaycanın qarşısınıda da tələblərlə çıxış edəcəyi gözlənilir. Türkiyə siyasi dairələrindən “Azadlıq”a sızan məlumatda deyilir ki, qardaş ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın vaxtlarda bu məsələ ilə bağlı Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə danışıqlar apara bilər.
Qeyd edək ki, Türkiyə hökuməti son günlərdə PKK-ya qarşı indiyə qədər görünməmiş səviyyədə mübarizəyə başlayıb. Müşahidələr göstərir ki, Ankara PKK problemini birdəfəlik həll etmək niyyətindədir. Bu terror təşkilatının bütün nəfəslikləri qapadılır. Təşkilata azacıq simpatiyası olanlar zərərsizləşdirilir.
PKK-nın Azərbaycanda da dayaqlarının olması barədə zaman-zaman yerli və beynəlxalq mətbuatda məlumatlar dərc olunub. Hətta Azərbaycan hakimiyyətinin özündə belə bu təşkilata simpatiyası olanların mövcudluğu barədə xəbərlər yayılıb.
Xüsusilə PKK-ya Azərbaycandan maliyyə axının olması ilə bağlı iddialar var. Türkiyədə keçirilən son parlament seçkilərində AKP-nin Azərbaycanda məğlubiyyəti də PKK-Gülən şəbəkəsinin ölkəmizdə ciddi dayaqlarının təzahürü kimi qiymətləndirilir. “Ona görə də PKK-ya qarşı mübarizə ilə bağlı Azərbaycanın qarşısına müəyyən tələblər qoyulması mümkündür”,-deyə mənbə bildirib.