C.Həsənli: “Milli iradənin təmsilçisi olduğunuzu nümayiş etdirin!”; Ə.Kərimli: “Meydana çox demirəm, 20-30 min nəfər toplaşsaq, cəsarət edərlərmi ki…”
Mayın 30-da Milli Şuranın keçirəcəyi mitinqlə bağlı müxaliftə liderləri xalqa müraciət edib. Milli Şura sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli facebook səhifələrində vətəndaşları ölkənin taleyinə biganə qalmamağa, 30 may “Xilas olaq!” mitinqində fəal iştiraka səsləyiblər. Onların yazdıqlarını təqdim edirik:
“Vətəndaş iradəsi ortada olmalıdır”
Cəmil Həsənli:
Dəyərli vətəndaşlar! Milli Şuranın 30 may mitinqinə çox az qalıb. “Xilas olaq” şüarı altında şənbə günü saat 15-də “Məhsul” stadionunda növbəti mitinqimiz olacaq. Gercəkdən ölkəmizi bürümüş bu yanğından, yarıtmaz hakimiyyətin mənasız eksperimentlərindən, vətəndaşlarımızı təhdid edən gözlənilməz təhlükələrdən, hərbi kazarmalarda uşaqlarımızın döyülərək öldürülməsindən xilas olmağın zamanıdır.
Mayın 19-da içində 4 körpə olmaqla 15 vətəndaşımız dövlət səviyyəsində həyata keçirilmiş cinayətkarlığın, nadanlığın və səhlənkarlığın qurbanı oldu. Bu qədər insan itkisinə səbəb olmuş hadisəni, yaşyarımla beş yaş arasında həyatlarını itirmiş körpə Ömərin, Fərəhin, Ayxanın və Ayanın qanını JEK müdiri və “Əməkdar mühəndisi” həbsə almaqla ört-basdır etməyə açıq cəhdlər vardır. Halbuki, şəhəri bürümüş “ölüm üzlüklərinin” arxasında böyük maliyyə vəsaitlərinin mənimsənilməsi, büdcənin talan edilməsi və yüksək səviyyəli məmurların məsuliyyətsizliyi dayanır.
Ölkəmizdə övladlarını itirmiş ana fəryadlarının sədası ürəklər parçalayır. Siz yəqin mayın 19-da səhlənkarlıq ucbatından qurban getmiş Ayxanın anasının, Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində döyülərək öldürülmüş Tapdıq Babaşovun anasının sosial şəbəkələrdə yayılmış müraciətləri ilə tanışsınız. Baş nazirinin müavini Abid Şərifovun timsalında yüksək vəzifəli məmurların davranışları da göz qabağındadır. Normal ölkələrdə belə ağır səhlənkarlığa, cinayətkarlığa yol vermiş hökumət səsini çıxarmadan istefaya getməli, kütləvi insan ölümünə səbəb olmuş hadisəyə görə xalqdan üzr istəməli idi. Amma bunlar utanıb-qızarmadan özlərini elə aparırlar ki, elə bil xalqın bunlara borcu var.
Bizim vətənimiz hazırda insan haqlarına sayğısızlığa, vicdan məhbuslarının, siyasi həbslərin sayına görə dünyada ön sıralarda dayanır. Ölkə siyasi, iqtisadi, milli və mənəvi böhranın içərisindədir. 21 fevraldan başlayan maliyyə böhranı hər kəsin həyatına təsir etmişdir. Xalq başdan başa hakim zümrəyə məxsus olan bankların əsarətinə düşmüşdür. Lap bu günlərdə Konstitusiya məhkəməsi öz anti-xalq qərarı ilə xarici valyuta ilə kredit almış vətəndaşları çıxılmaz vəziyyətə salmışdır. Bu, sözün tam mənasında soyğunçuluq siyasətidir. İş adamları ilə kredit “razborkaları” iqtisad məhkəmələrində deyil, “Bandotdel”də aparılır. Hakimiyyətdə təmsil olunan yüksək vəzifə sahiblərinin ölkəni talamaq, xalqın əzabları üzərində varlanmaqdan başqa amalı yoxdur. Bütün bunlara dur deməyin, bütün bunlardan xilas olmağın vaxtıdır. Bunun üçün vətəndaş iradəsi ortada olmalıdır.
Əziz həmvətənlər! Mayın 30-da, gündüz saat 3-də, “Məhsul” stadionunda Milli Şuranın keçirdiyi dinc mitinqə gəlin və ölkəmizi bürümüş bu rüsvayçılıqdan xilas olmağa öz dəstəyinizi ifadə edin. Məmur özbaşnalığından, vəzifəli şəxslərin ölkəmizdə bərqərar etdiyi korrupsiya, monopoliya və rüşvət şəbəkəsindən, vətəndaşa sayğısız münasibətdən xilas olmağın yolu milli iradənin ortada olmasından keçir. Gəlin və milli iradənin təmsilçisi olduğunuzu nümayiş etdirin!
“Bu ölkənin də, bu rejimin də taleyi xalqın əlindədir”
Əli Kərimli:
Əziz həmvətənlər, sizlərə bir sualım var. Amma xahiş edirəm, sualı oxuduqdan sonra burada cavab yazmasanız da, özünüzə səmimi cavab verin.
Bakıda bina yanandan sonra hamınız şahid oldunuz ki, bu cinayətkar səhlənkarlığa xalqın qəzəbini təkcə sosial şəbəkələrdə ifadə etməsi hökuməti necə qorxutmuşdu. Hökumətin ozamankı qorxusunu hamınız görə bildinizmi? İndi sizdən soruşuram, necə hesab edirsiniz, xalqla bu anti-insani rəftara qəzəblənmiş insanların yüzdə biri – təxminən 20-30 min nəfər (mən hələ daha çox adamın toplanmasından bəhs etmirəm) toplaşaraq, etirazını dinc mitinqdə ifadə etsə, rejim cəsarət edə bilərdimi ki:
– Hərbi xidmətə göndərdiyimiz övladlarımızı belə soyuqqanlı və acımasız şəkildə öldürməkdə davam etsin?
– 16 nəfərin ölümünə, bir milyard manatdan artıq dövlət vəsaitinin talan edilməsinə səbəb olmuş dəhşətli cinayətləri JEK müdirinin boynuna yükləyib, əsl cinayətkarları məsuliyyətdən yayındırsin?
– Manatın devalvasiyasının bütün ağırlığını xalqın boynuna qoyub, heç nə olmamış kimi monopoliya və korrupsiyanı himayə etməkdə davam etsin?
– Banklara kredit borcu olan 2 milyondan artıq insanın mənafeyini bank sahibi olan oliqarxlara qurban versin?
Biz millət olaraq ayaq üstə olsaq, dinc mitinqlərdə kütləvi şəkildə iştirak etsək, onlar özlərini bu qədər yekəxana, harın, saymazyana apara bilərlərmi? Mən əminəm ki, yox! Bu ölkənin də, bu rejimin də taleyi xalqın əlindədir. Xalq özündən başqa heç bir ünvanda gərək nicat gözləməsin. Bircə dəfə ciddi toparlanmaqla xalqımız hökuməti ən azı onunla hesablaşmağa məcbur edər.
İndi bizim xalq olaraq imkanımız var ki, Milli Şuranın 30 may, saat 15-də “Məhsul”stadionunda (İnşaatçılar metrostansiyasının yaxınlığında) təşkil edəcəyi mitinqə hamılıqla qatılaq və bununla da ən azı hökumətin öz xalqı ilə hesablaşmasına nail olaq.