Ölkə başçısı Krım məsələsində niyə Moskvanı müdafiə edir?
“Sanksiyalara gəldikdə isə mövqeyimiz həmişə birmənalı olub. Biz onu hər zaman bildirmişik, bu, sirr deyil. Biz beynəlxalq münasibətlərin bu cür formasının əleyhinəyik”. Bu sözləri ölkə başçısı Ilham Əliyev Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Moskvanın üzləşdiyi sanksiyalara münasibət bildirərkən deyib. Ölkə başçısı daha sonra Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın Rusiyanı müdafiə etdiyini xatırladıb:
“Yəqin bilirsiniz, vəziyyət Avropa Şurasının Parlament Assambleyasında müzakirə olunanda Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxış etdi. Düşünürəm ki, küncdə-bucaqda özünü Rusiya Federasiyasının müttəfiqi kimi göstərənlər üçün nümunə oldu. Belələri AŞPA-da öz mövqeyini nümayiş etdirməyə gələndə, necə deyərlər, aradan çıxırlar. Hesab edirəm ki, Rusiya ictimaiyyəti bunu bilməlidir. Belə məqamlarda mövqe, dost dəstəyi özünü göstərir. Hamının işi yaxşı olanda, əlbəttə, hamı xoş sözlər deyə, mədhiyyələr söyləyə bilər. Lakin öz sözünü Moskvada kuluarlarda yox, Strasburqda demək lazım gələndə, bax o zaman burada həm ləyaqət, həm mövqe, həm də, ümumiyyətlə, insani keyfiyyətlər özünü göstərir. Ona görə, bir daha demək istəyirəm ki, biz belə təzyiq formasının əleyhinəyik, bu, qeyri-səmərəli vasitədir. Biz həmişə dialoqun, bütün mürəkkəb məsələlərin danışıqlar masası arxasında etimad şəraitində həll olunmasının tərəfdarıyıq”.
Məlumat üçün deyək ki, Rusiya Krımın işğalına görə beynəlxalq sanksiyalarla üzləşib. Azərbaycanın torpaqları da Ermənistan tərəfindən işğal olunub. Bu işğalda Rusiya da mühüm rol oynayıb.Yəni, əslində Azərbaycanla Ukrayna eyni taleni bölüşür. Amma nədənsə Krım məsələsində Azərbaycan hakimiyyəti Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxır. Ilham Əliyevin sözlərindən aydın olur ki, Azərbaycan hakimiyyəti Rusiyanın Ukraynaya yönəlik addımlarını işğal kimi dəyərləndirmir. Siyasi ekspertlərin fikrincə, hakimiyyətin bu ziddiyyətli mövqeyi Qərblə münasibətlərin ürəkaçan olmamasından irəli gəlir. Azərbaycan hakimiyyəti ondan demokratiya tələb edən Qərbdən uzaqlaşıb Rusiyanın yanında yer ala biləcəyinin mesacını verir. Bunun üçünsə təbii ki, Moskvanı qəzəbləndirəcək mövqe sərgilənməməlidir.
Ilham Əliyev müsahibədə Bakıda keçiriləcək Avropa Yay Oyunları ilə bağlı da maraqlı açıqlamalar verib.
“Bu hadisənin gözdən salınması cəhdləri müşahidə olunmaqdadır. Oyunlar yaxınlaşdıqca bu, özünü daha aşkar göstərir. Bu, bizdə yalnız təəccüb və anlaşılmazlıq doğurur. Axı, bu, nəyə lazımdır?! Azərbaycanın belə bir Oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira” – deyə Ilham Əliyev bildirib.
Qeyd edək ki, Soçi Olimpiadası Putin hakimiyyətinin qanunsuz əməllərinin beynəlxalq miqyasda ifşasına yönəldi. Indi Azərbaycan hakimiyyəti eyni situasiya ilə üz-üzədir. Ilham Əliyevin Soçi Olimpiadasını xatırlatması da bundan irəli gəlir. Lakin ölkə başçısı bununla Soçi Olimpiadası zamanı baş verənlərin gözdənsalma kampaniyası olduğunu bəyan edir.