ABŞ Dövlət Departamenti və Avropa İttifaqı siyasi məhbusların azad olunmasını istəyir
“Biz aprelin 22-də Azərbaycan məhkəməsinin hüquqşünas Intiqam Əliyevi şübhəli ittihamlarla 7 il yarım azadlıqdan məhrum etməsi və vəzifə tutmasına 3 illik qadağa qoymasından narahatıq”. Bunu aprelin 23-də ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marei Harf deyib. O daha sonra əlavə edib: “Ölkənin ən tanınmış insan haqları müdafiəçilərindən olan, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Əliyev Azərbaycanda hüququnu aliliyi və dinc fəalların müdafiəsi üçün çox çalışıb. O, Avropa Insan Haqları Məhkəməsinə yüzlərlə iş göndərib və çoxunda qələbə qazanıb.
Azərbaycan hökumətini Əliyevi və fundamental azadlıqlardan istifadəyə görə həbsə atılmış digərlərini buraxmağa çağırırıq. Hökuməti həmçinin çağırırıq ki, bütün vətəndaşlarının Azərbaycanın öhdəlik götürdüyü beynəlxalq sazişlər çərçivəsindəki hüquqlarını təmin etsin".
Norveçin xarici işlər naziri Borge Brende də Intiqam Əliyevin həbsinə münasibət bildirib. “Intiqam Əliyev Azərbaycanda qanunun aliliyinin inkişafı üçün çox ciddi rol oynamış bir şəxs kimi tanınıb. Onun həbsi Azərbaycan insan huquqları sahəsində vəziyyətlə bağlı narahatçılığımızı hədsiz artırdi. Görkəmli vəkil kimi tanınmış Intiqam Əliyev Azərbaycandan Avropa Məhkəməsinə göndərilmiş çoxlu sayda işlərin hazırlanmasında xüsusi fəallığı ilə seçilib. Onun həbsi ölkədə insan hüquq və azadlıqları ilə bağlı vəzyyətin çox pil olmasının göstəricisidir. Mən Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqları ilə bağlı öhdəliklərinə çox ciddi yanaşmağa çağırıram”, – deyə o, vurğulayıb.
Avropa İttifaqı Azərbaycandakı repressiyalardan narahatdır
Avropa Ittifaqı da Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyətinin vəziyyətindən son dərəcə narahatdır. Qurumun yaydığı bəyanatda deyilir: “Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov və görkəmli vəkil Intiqam Əliyevin uzun müddətə azadlıqdan mərhum edilməsi barədə hökmlər çıxarılıb. Hər iki şəxsin işi ilə bağlı məhkəmə proseslərində beynəlxalq müşahidəçilər ciddi qanun pozuntularının şahidi olublar.
Biz Azərbaycan hakimiyyətini Beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Hesab edirik ki, Azərbaycan hakimiyyəti məhkəmə proseslərinin növbəti mərhələlərində obyektiv araşdırma aparmalı və ədalətin bərpasını təmin etməlidir".
“Sərhədsiz Reportyor”lar təşkilatı Azərbaycana səfər edən Fransa prezidenti Fransua Ollanda müraciət ediblər. Onlar Fransa prezidentindən siyasi məhbusları azadlığa buraxması üçün Ilham Əliyevə çağırış etməyini xahiş ediblər.
Bu arada “Amerikanin Səsi” radiosunun ingilis versiyasında Azərbaycandakı repressiyalardan bəhs edən məqalə dərc edilib. Məqalədə deyilir: “Azərbaycanda son dövrlərdə siyasi fəallara, jurnalistlərə və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı repressiyalar güclənib. Bu günlərdə tanınmış hüquq müdafiəçisi, vəkil Intiqam Əliyevin uzun müddətə azadlıqdan mərhum edilməsi ilə bağlı çıxarılmış hökm Azərbaycan hakimiyyətinin müstəqil səsləri boğmağa yönəlmiş repressiya siyasətində növbəti addımdır. Bu cinayət işinin siyasi motivli olduğunu Intiqam Əliyev məhkəmədə bəyan edib. Insan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da uzun müddətə azadlıqdan mərhum edilib. Elə bu həftə hakimiyyətin korrupsiya əməllərini araşdıran Xədicə Ismayıl ilə bağlı növbəti proses olub. Vəkillərin vəsatətini əsas gətirərək hakim Xədicə Ismayılın şüşə kameradan çıxarılaraq vəkillərlə yanaşı oturması barədə qərar çıxarmasına baxmayaraq mühafizəçilər buna imkan verməyiblər. Azərbaycanda mövcud olan sərt avtoritar rejim onlarla siyasi fəalı, jurnalisti və hüquq müdafiəçisini həbsxanalarda saxlayır. Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə, Azərbaycan Eritreya və Şimali Koreya ilə yanaşı mətbuata ən çox təzyiq göstərilən 10 ölkədən biridir”.