Nazirin çıxışı niyə "bir-iki cümləlik" alındı? Onu danışmağa qoymayıblar, ya deməyə sözü olmayıb?
Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetində keçirdiyi son müşavirədə vergilər naziri Fazil Məmmədovla bağlı qəribə olay baş verib. Rəsmi qəzetlər digər nazirlərin çıxışına geniş yer versələr də, Fazil Məmmədovun fikirlərini çox qısa və ümumi şəkildə təqdim ediblər.
Bu da bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, Fazil Məmmədovun çıxışı ölkə başçısının ürəyincə olmayıb, ona görə də Ilham Əliyevin onun sözünü yarıda kəsib. Rəsmi mətbuat da buna görə də vergilər nazirinin fikirlərini ümumi şəkildə təqdim etməyə məcbur olub. Başqa bir ehtimala görə isə Fazil Məmmədovun çıxışında açıqladığı faktların ictimailəşməsi məqsədəuyğun sayılmayıb. Hər bir halda rəsmi qəzetlərin sadəcə yerə qənaət etmək baxımından Fazil Məmmədovun çıxışını qısa şəkildə təqdim etmələri inandırıcı görünmür. Digər tərəfdən əgər ixtisar vacib idisə başqa məmurların çıxışını qısaltmaq olardı. Çünki vergilər naziri kimi Fazil Məmmədovun çıxışı indiki vaxtda daha əhəmiyyətlidir.