Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunları; Bu tədbir ölkəyə neçəyə başa gələcək?
Samir Əliyev: «Azərbaycanda keçirilən beynəlxalq yarışlardan iqtisadi fayda yoxdur»
Dünya bazarında neftin qiymətində yaşanan enmə Azərbaycan iqtisadiyyatını ağır duruma salıb. Hökumətin neftdən gələn vəsaitləri səmərəli xərcləməməsi, böhrana baxmayaraq ona müvafiq addımlar atmaması durumu bir qədər qəlizləşdirib. Bundan başqa, böhranlı bir durumda Azərbaycanın Ilk Avropa Oyunlarına ev sahibliyi etməsi dövlət büdcəsi üçün 7-8 milyarada başa gəldi.
Özü də keçiriləcək bu beynəlxalq yarışdan Azərbaycan heç bir xeyir götürməyəcək. Çünki dövlətimiz Azərbaycana səfər edəcək idmançıların bütün xərclərini qarşılamağı boynuna götürüb. Amma Avropa Oyunlarına görə hakimiyyətə yönələn tənqidlər sona çatmamış məlum oldu ki, Azərbaycan daha bir beynəlxalq yarışmaya ev sahibliyi edəcək. Dövlət rəsmiləri bu yarışmaya böyük vəsaitin sərf edilməyəcəyini deyirlər. Bu mövqe onunla əsaslandırılır ki, artıq ölkədə beynəlxalq yarışların keçirilməsi üçün infrastruktur mövcuddur. Amma hər bir halda artıq formalaşan ənənə onu göstərir ki, istənilən yarışma Azərbaycan üçün avtobus parkının yenilənməsi, küçə və prospektlərin əsaslı təmiri ilə nəticələnir. Bütün bu tədbirlər üçünsə silinən vəsait ən yüksək formada təsbitini tapır.
Aprelin 7-də IV Islam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı Islam Həmrəyliyi Idman Federasiyası (IHIF) ilə müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, IHIF prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və IHIF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıb.
2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində IHIF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV Islam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs verib.
IV Islam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda – Ramazan ayından əvvəl təşkil olunacaq. “Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da ”Bakı-2015" ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV Islam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar da keçiriləcək. Idmançılar “Bakı-2015" üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdiriləcək.
Iqtisadçı Samir Əliyev bildirdi ki, ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi müsbət haldır. Hər bir ölkənin belə beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün öz namizədliyini verdiyini deyən S.Əliyev bildirdi ki, namizədliyi qalib gəlmiş ölkələr üçün geniş imkanlar yaranır: “Həmin ölkə bu imkandan yararlanaraq turizmi inkişaf etdirmək, daha çox gəlir götürmək barədə düşünür. Beynəlxalq tədbirlərin keçirilməsində məqsəd təkcə ölkənin tanıdılması deyil. Azərbaycanda isə daha çox fayda ölkənin tanınması olur. Amma keçirilən tədbirlərdən iqtisadi fayda yoxdur. Bu ilk dövrlərdə özünü infrastrukturun olmaması ilə göstərirdisə, indi infrastruktur yaradılıb. Amma turizmin inkişafı üçün tələb olunan elementlər öz yerində deyil”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hotellər kifayət qədər bahalıdır. Xidmət sferasında, nəqliyyat sistemində ciddi problemlərin olduğunu deyən S.Əliyev qeyd etdi ki, Azərbaycanın ev sahibi olaraq qonaqlara verdiyi töhfə neft pulları hesabına tikilən idman obyektləridir: “Hazırda neft pulları da tükənib. Ona görə gələcəkdə hər hansı idman infrastrukturunun salınması Azərbaycan üçün problemlər yaradacaqdır. Bundan başqa, hazırda tikilən infrastruktur özü də gələcəkdə ölkəmizə problem yaradacaq. Çünki infrastruktura xidmət etmək də özü vəsait tələb edir. Təəssüf ki, biz beynəlxalq yarışlardan faydalana bilmirik. Bu daha çox zərər verir, sahibkarlardan pul yığılır, vətəndaşlara əlavə çətinliklər yaranır. Bu da onu göstərir ki, ölkədəki iqtisadi idarəetmə hələ tələb olunan səviyyədə deyil”.
Xəyal