Müdafiə Nazirliyi Bakıda hərbi hissədə baş verən silahlı insidentə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin 2 hasarını keçərək mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olublar.
***
Martın 31-i günorta saatlarında Bakının Zirə qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə silahlı insident baş verib. Hərbi hissənin ərazisində çaşır (göyərti növü) yığan Xəzər rayon sakini Zəfər Şahverdiyev orada xidmət edən hərbiçi tərəfindən güllələnib. Hadisə zamanı Z.Şahverdiyevin yanında əmisi oğlu Yavər Şahverdiyev və yaxın qohumu Elnur Şirinov da (hər üçü Kəlbəcərdən məcburi köçkün düşüb) olub. Hərbiçi bunları görən kimi yerə yatmalarını əmr edib. Z.Şahverdiyevin yerə yatmadığını görəndə isə əlindəki silahla ona atəş açıb. Bu biri iki nəfər isə digər hərbiçilərlə birgə hərbi hissəyə aparılıb. Qohumları Zəfər Şahverdiyevin qan itirdiyini, ona kömək etmək istədiklərini desələr də, hərbiçilər onlara məhəl qoymayıblar. Hər iki şəxs sənədləri əllərindən alındıqdan sonra evə buraxılıb.