Giorgi Qogia 31 saat aeroporta saxlanıb, geri göndərildi; "Aydındır ki, siyasi qərar verdilər"
"Ölkə daxilində tənqidi səsləri qəddarcasına susdurublar və indi də heç kəsi ölkəyə buraxmırlar ki, etdiklərinin şahidi olmasın"
«Human Rights Watch» hüquq-müdafiə təşkilatı Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qogianın martın 30-da Bakıya buraxılmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki,immiqrasiya rəsmiləri Qogianın pasportunu alıb, onu pasport zalında saxlayıb, 31 saatdan sonra pasportu Qogianı geriyə – Tbilisiyə aparan təyyarənin ekipajına təqdim ediblər. Heç bir izahat verilməyib.
Xatırladaq ki, Qogia Bakıya siyasi məhbuslar İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələrində iştirak etmək üçün gəlmişdi.
***
"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Giorgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb.
Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb.
"Turan"ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.
Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.
Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber "Azadlıq" radiosuna deyib ki, Azərbaycan hakimiyyəti Qogianı ölkəyə buraxmayıb: «Giorgi İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəməsində iştirak etməyi planlaşdırırdı. Bugün isə onun hava limanında saxlanma xəbərini aldıq. Onu hava limanında saxlayıb, ölkəyə daxil olmağa icazə verməyiblər. İmmiqrasiya işçiləri onun pasportunu götürüblər. Giorgia dünən günorta 1.30-dan pasportsuz hava limanında gözləyir».
Rachel Denber deyib ki, Azərbaycan hakimiyyətini Qogianın pasportunu özünə qaytarmağa və ölkədən çıxmağına icazə verməyə çağırırırlar.
"Azadlıq" radiosu məlumatı dəqiqləşdirmək üçün Bakı Hava Limanına zəng edib. Nəqliyyat polisinin və daxili işlər nazirliyinin təmsilçiləri Gogia adlı şəxsin polis tərəfindən saxlanmadığını bildiriblər.
AZAL-ın mətbuat xidməinin rəhbəri Məhərrəm Səfərli isə "Azadlıq" radiosuna bildirib ki, bu haqda onda heç bir məlumat yoxdur, Sərhəd Xidməti ilə əlaqə saxlayın. Sərhəd Xidmətindən və Xarici İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
“Gürcüstan vətəndaşı və “Human Rights Watch” təşkilatının əməkdaşı olan Georgi Qogianı Azərbaycan ərazisinə buraxmayıblar”. Bunu isə virtualaz.org saytına açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Kaxa Abdaladze deyib. Gürcü diplomatın sözlərinə görə, Qogia hazırda Bakı aeroportundakı neytral zonadadır və tezliklə Azərbaycanı tərk edəcək.