“Siyasi məhbuslar qeyd-şərtsiz, dərhal azad olunmalıdır”
Britaniya deputatları hökuməti Azərbaycan iqtidarına qarşı qəti addımlar atmağa çağırdı
Böyük Britaniya parlamentinin Aşağl Palatasının bir qrup deputatı Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasətini pisləyən sənəd qəbul edib. Sənədi Böyük Britaniya parlamentində təmsil olunan həm iqtidar, həm də müxalifət partiyalarının təmsilçiləri imzalayıblar.
Sənəddə deyilir: “Böyük Britaniya parlamentinin Aşağı Palatası olaraq biz Azərbaycan hakimiyyətinin geniş miqyaslı repressiyalarını pisləyirik. Son aylar ərzində müstəqil jurnalistlərin və insan haqları müdafiəçilərinin siyasi motivlərlə həbsi geniş miqyas alıb. Azərbaycan hakimiyyətindən dərhal və heç bir şərt qoymadan Xədicə İsmayılova, Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik.
Siyasi məhbuslara, o cümlədən Leyla Yunusa qarşı olan işgəncələr bizi dəhşətə gətirir.
Açıq-aşkar görünür ki, Azərbaycan hakimiyyəti müxalif düşüncəli insanları tamamilə sıradan çıxarmağa çalışır. Çox ciddi narahatçılıq doğuran faktlardan biri də “Azadlıq” radiosunun Bakı ofisinin bağlanmasıdır. Hesab edirik ki, Böyük Britaniya hökuməti Azərbaycanda gedən repressiyalarla bağlı ciddi addımlar atmalıdır”.