Son ümid yeri olan İsrail də Əliyev iqtidarının üzərindən əlini çəkir
Israilin Haaretz və “Yerusalem Post” qəzetlərində Azərbaycanla bağlı dərc edilən tənqidi məqalələr YAP iqtidarının hiddətinə səbəb olub. Dünən prezidentin mətbuat katibi Azər Qasımov məsələyə münasibət bildirib və Israili ittiham edib.
“Israil mediasında Azərbaycanla bağlı bu səpkili məqalələr vaxtaşırı dərc olunmaqdadır. Doğrudan da, Israildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır”,- deyə o, “Azərtac”a müsahibəsində bildirib.
Azər Qasımov deyib ki, hər iki qəzetdə gedən məqalələr olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar cəfəngiyatdan başqa bir şey deyil: “Heç şübhəsiz ki, bu cür yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilmiş və tam sifariş xarakteri daşıyır. Xədicə Ismayılın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxmaqdan başqa bir şey deyildir. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər.
Əslində, Israilin özündə jurnalistlərin fəaliyyəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Beynəlxalq təşkilatların hesabatlarına diqqət etsək görərik ki, Israilin güc strukturları tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və döyülməsi faktları mütəmadi olaraq qeydə alınır…
Israildə mətbuata tez-tez senzuranın tətbiq edilməsi, jurnalistlərin azad gediş-gəlişinə məhdudiyyətlərin qoyulması kimi faktları da buraya əlavə etmək olar…
Mən hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların arxasında duranlar, əslində, Israil dövlətinin özünün beynəlxalq imicinə ciddi zərbə vururlar. Israil hökuməti həmişə Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu məqalələrin sifarişçiləri, heç şübhəsiz, Israil-Azərbaycan münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini, demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları, bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənələrini gözü götürməyən qüvvələrdir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və təcavüzkar Ermənistan istisna olmaqla, bütün dövlətlərlə uğurlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu da öz növbəsində, yuxarıda adı gedən yazıların arxasında duran qüvvələri ciddi narahat edir. Onlar bilməlidirlər ki, bu cür səylər boş xülyadan başqa bir şey deyildir”.
Israil hakimiyyətinə yaxın bu qəzetlərdə Azərbaycanla bağlı tənqidi materialların dərc artıq Əliyev iqtidarı ilə Tel-Əviv arasında da münasibətlərin qaydasında olmadığını göstərir. Görünür, Qərblə Azərbaycan hakimiyyətinin toqquşması və qarşıdurmanın getdikcə dərinləşməsi Israilin artıq Əliyevlərlə əməkdaşlığına yenidən baxmasını şərtləndirib. Bunun mesajı isə “Hareetz” və “Yerusalem Post” vasitəsilə verilir.
“Azadlıq”a daxil olan məlumatlara görə, artıq hakimiyyət düşərgəsində də fərqindədirlər ki, Ilham Əliyev xaricdə bütün dayaqlarını itirib. Xüsusilə Israildən gələn zərbə iqtidar düşərgəsini təşvişə salıb. Axı Azərbaycan hakimiyyəti hər zaman bu ölkənin dəstəyini üzərində hiss edirdi, yəhudi lobbi təşkilatlarının köməyindən yararlanırdı. Amma indi bəlli olur ki, Israil də əlini Əliyev iqtidarının üzərindən çəkir.