Partiyanın şöbə müdiri Rafiq Daşdəmirlinin oğlu həbs edildi
Sənan Daşdəmirlini atasından qisas almaq üçün narkotiklə şərlədilər
Hakimiyyət AXCP-yə qarşı daha bir repressiya aktı həyata keçirib. Bu dəfə partiyanın Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli hədəf seçilib.
Noyabrın 17-i saat 19 radələrində Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıb və guya narkotik satdığı üçün saxlandığını deyiblər.
Noyabrın 18-də isə Nərimanov rayon məhkəməsində Sənan Dəmirliyə qarşı məhkəmə prosesi keçrilib və barəsində deyilən ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verilib.
Rafiq Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyətinə görə ondan qisas almaq kimi qiymətləndirir. Onun fikrincə, bunun Milli Şuranın mitinqlərindən sonra baş verməsi də təsadüfi deyil.
Rafiq Daşdəmirli Milli Şuranın mitinqlərinin texniki-təşkilati işlərində əsas fiqur olub.
Sənan Daşdəmirli siyasətdən kənar şəxsdir və narkotiklə hər hansı bağlılığı ola bilməz. O, inanclıdır, uzun müddətdir namaz qılır və nümunəvi həyat tərzi ilə seçilir.
“Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəknidirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl facebook profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər”, – deyə Rafiq Daşdəmirli bildirib.
Rafiq Daşdəmirli bunu həm də Azərbaycan hakimiyyətinin ondan repressiyaları dayandırmaq və demokratik islahatlara başlamaq tələb edən yerli və beynəlxalq ictimaiyyətə əks cavabı kimi dəyərləndirir. O, hakimiyyət orqanlarını bu cür ədalətsizlikdən, qanunsuz və mənəvi prinsiplərə zidd hərəkətlərdən əl çəkməyə, oğlunu azad etməyə çağırır. “Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz. Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır. Hakimiyyət orqanlarını belə günahlardan çəkinməyə çağırıram. Belə təzyiq vasitələri ilə heç nəyə nail olmaq mümkün deyil. Bu cür addımlar yalnız cəmiyyətdə qarşıdurmanı gücləndirə bilər ki, bunun da ağır nəticələri hamıya, o cümlədən hakimiyyətdə olanların özlərinə dəyəcək”, – deyə Rafiq Daşdəmirli qeyd edib.
“Kriminal davranışlar da siyasi mübarizə sayılır?”
AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində bu həbsə sərt münasibət paylaşıb. AXCP liderinin yazdığını təqdim edirik:
“İndi də AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənanı narkotika ilə şərləyib həbs etdilər. Məqsəd Rafiq bəyə təzyiq etməkdir. Rejimin arsenalında müxalifətçilərin yaxınlarını girov götürmək də varmış. İki-üç ay bundan qabaq AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq bəyin qardaşı Muradı da ona təzyiq üçün həbs ediblər.
Rəqiblərin ailə üzvlərini oğurlatdırmaq, girov götürmək orta əsrlərdə geniş yayılmışdı. Azərbaycandakı rejim rəqibləri ilə müasir siyasi vasitələrlə rəqabət aparmaq qabiliyyətində olmadığından orta əsrlərin bu çirkin, əxlaqsız mübarizə vasitəsini yenidən həyata qaytarıb. Amma anlamırlar ki, indi 21-ci əsrdir. Siyasi rəqiblərlə belə alçaq üsullarla davranmaq xalq tərəfindən qəbul olunmur. Qəbul olunmur demək azdır. Belə hərəkətlər onları edənlərə qarşı cəmiyyətin nifrətini yaradır.
Belə görünür ki, hökumət son mitinqlərimizin uğurlu alınmasından pərt olub. Bu şəkildə bizdən qisas alır. Heç şübhəsiz ki, məqsəd bu təzyiqlərlə Rafiq bəyi mübarizədən, AXCP-dən ayırmaqdır. Rafiq bəy özü bir dəfə bu rejim dövründə siyasi məhbus həyatı yaşayıb. O, həbsdə olanda atası dözmədi, dünyasını dəyişdi. İndi də onu oğlu ilə sınağa çəkirlər.
Övladı ilə cəzalandırılan Rafiq bəyə hamımız dəstək olmalıyıq. Ləyaqətli insanlar indi də danışmayıb, etiraz etməyib, bəs nə zaman danışacaqlar? Mən şəxsən mütləq ədalətə inanıram. Belə namərd üsullarla rəqiblərini susdurmağa çalışanlar son nəticədə qalib ola bilməzlər. Bir gün haqq etdikləri cəzanı alacaqlar!”.