Tanınmış yazar və proqramın müəllifi ilginc detalları “Azadlıq”a açıqladı
Cahit Kılıç: “Proqramı izləyən Bakıdakı diplomatik missiya Avropa Parlamentinə məruzə etdi və orada bir deputat Məmmədyarovdan Heydər Əliyev Fondu haqda soruşdu…”
Türkiyənin “Kudüs TV” kanalında yayımlanan “Bizim Kafkasya” proqramı bağlanıb. Proqramın müəllifi və aparıcısı Türkiyənin tanınmış yazarlarından biri, Azərbaycan problemlərinə diqqətilə seçilən Cahit Kılıçdır. Elə “Bizim Kafkasya” proqramının buraxılışları da daha çox Azərbaycandakı ictimai-siyasi vəziyyətə həsr olunurdu. Proqramın nəyə görə bağlandığı sualı ilə Cahit bəyə müraciət etdik.
– Cahit bəy, “Bizim Kafkasya”nın bağlanma səbəbləri nədir?
– “Bizim Kafkasya”nın qapadılma səbəbini mən bilmirəm. Oktyabrın 20-də kanalın rəhbərliyindən bir nəfər məni arayaraq proqramın dayandırıldığını söylədi. Türk mediasında bir proqramın və ya bir yazarın yazılarının müvəqqəti olaraq durdurulduğunun bildirilməsi o proqramın qapatıldığı və ya o yazarın yazılarının sonlandırıldığı anlamına gəlir. Son illərdə Türkiyə mediasında bu cür hadisələr çox yaşandı.
– Kanal rəhbərliyi qərarını nə ilə əsaslandırdı?
– Heç bir rəsmi izahat verilmədi. Sadəcə bir görəvli vasitəsilə proqramın dayandırıldığı deyildi.
– Bağlanmamışdan qabaq bu istiqamətdə televiziya rəhbərliyindən hər hansı xəbərdarlıq almışdınızmı?
– Xeyr, proqramın bağlanacağı haqda xəbərdarlıq almamışdım. Sadəcə, bəzi xüsuslarda bir qrupa xidmət göstərməkdə ittiham edilmişdim. Bir qrup deyərkən, açıq söyləmək gərəkirsə, AXCP-ni nəzərdə tuturdular. Mən də bu ittihamın doğru olmadığını, müxalifətin bütün kəsimlərindən insanları proqramıma çıxardığımı söylədim. Bunun isbatı da keçmiş proqramların video arxivində durur. Sonradan anladım ki, məsələ əslində bu deyil. Bununla sadəcə, proqramı qapadmaq qərarlarına bəraət qazanmaq istəyiblər.
– Proqramınızda Azərbaycan mövzusu müxalif mövqedən ağırlıq təşkil edirdi. Buna görə TV rəhbərliyi səviyyəsiində sizə irad tutulubmu?
– Xeyr. Proqramın təsis edilməsində məqsəd zatən, Azərbaycandakı basqıları və zülmləri dilə gətirmək idi. Fasilələrlə başqa mövzulara yer versək də, başdan bəri əsasən Azərbaycan məsələsinə toxunduq. Son 10 proqram isə tamamən Azərbaycandakı insan haqları pozuntuları üzərində fokuslaşmışdıq.
– Məlumat paylaşmışdız ki, verilişlərinizə görə sizi hədələyir, təhdid edirlər. Kimlər edirdi və nə məzmunda?
– 10 gün öncə üç ayrı elektron ünvandan “Özünü yığışdır” məzmunlu məktublar aldım. Bunlar hədə məqsədi daşıyırdı, amma məni belə təhdidlər çəkindirməz. 3 il öncə də onlarla təhdid məktubları almışdım. Onlara rağmən doğru bildiyim yolda yürüməyə davam etdim. Hamı bilir ki, təhdidlər məni qorxutmaz.
– “Azərbaycan saatı” proqramı da Türkiyədə yayıldığı kanalları tez-tez dəyişməli oldu. Kanallar vurulduğu üçün. İşin içində Azərbaycan hökumətinin olduğu böyük ehtimaldır. Hətta ilk yayıldığı kanaldan proqramı kanal rəhbərliyinə böyük məbləğdə para verərək çıxartdırdıqları xəbəri də yayılmışdı. Bu baxımdan “Bizim Kafkasya”nın bağlanmasında Azərbaycan hökumətindən şübhələnmirsiniz ki?
– Tək mən yox, yüzlərlə insan şübhələnir. Sosial mediada yüzlərlə insan Azərbaycan iqtidarının kanal rəhbərliyinə para verərək programı qapatdığını yazır. Bir çox mesaj da aldım bu məzmunda. Amma bu cür iddiaları isbatlamaq mümkün olmadığından, sadəcə şübhəyə dayanaraq kanal yönətimini suçlamağı doğru saymıram. Bundan başqa, unutmaq olmaz ki, hazırlayıb təqdim etdiyim o proqramı “Kudüs TV”dən başqa Türkiyədə heç bir kanal yayınlamağa cəsarət edə bilməzdi. Bu səbəbdən “Kudüs TV” yönətiminə bir təşəkkür borcum var və bu təşəkkürü hörmətli Nurəddin Şirinə çatdırdım.
Ancaq bir məqamı da diqqətdən kənarda qoymaq olmaz. O da bundan ibarətdir ki, hətta Azərbaycan müxalifəti və müxalif mətbuatının uzun illər dilə gətirmədiyi Heydər Əliyev Fondu ilə bağlı sualları mən gündəmə gətirdim. Proqramımda bu mövzuda hörmətli Əli Kərimliyə sula verdim və çox ağır tənqidlərdə bulundum. Bu proqramı izləyən Bakıdakı diplomatik missiya sualı Avropa Parlamentinə məruzə etdi və Avropa Parlamentinin bir deputatı Azərbaycanın xarici işlər naziri Məmmədyarovdan Heydər Əliyev Fondu haqda soruşdu. Son proqramımda da bu Fonddan əl çəkməyəcəyimi, sənədləri gözlədiyimi dedim və bundan sonra proqram bağlandı. Bu, sizlərə də bir işarə verməlidir.
Bundan başqa, proqramı həm Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrinə yayılmış Azərbaycan mühacirləri tərəfindən ən çox izlənməyə başladığı bir dönəmdə qapadmaq İlham Əliyevin çörəyinə yağ sürtmək deyil də nədir? Kanal bunu izah etmək zorundadır.
– Sonrakı planınız nədir? Proqramı başqa kanallarda bərpa etmək fikriniz varmı?
– Bəli, proqramı bərpa etmək fikrim var. Bəzi kanallarla təmas qurdum. Müsbət cavab alsam, proqramı bərpa edəcəm və mücadiləmə qaldığım yerdən davam edəcəm.
azadliq.info