«Bütün bunlar Prezident Administrasiyasının diqqtəsi ilə baş verən şeylərdir»
Xədicə İsmayıl: «AŞ rəhbərliyi İşçi Qrupunun siyasi məhbus problemini çözmək bacarığında olacağına inanacaq dərəcədə sadəlöhv deyil»
İnsan Hüquqları üzrə İşçi Qrupunun tərkibinə daxil olanlar ünvanlarına səslənən fikirlərə kəskin reaksiya verməkdədirlər. İşçi Qrupunun yenidən bərpa olunmasını böyük uğur kimi təqdim etməyə çalışan bəzi üzvlər səslənən iradları yersiz sayırlar. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev hesab edir ki, İşçi Qrupunun fəaliyyətinin bərpası İ.Əliyevin siyasi iradəsinin göstəricisidir. «Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayılovanın fikirlərinə münasibət bildirən A.Quliyev bildirib ki, onun xoş məramla yaradılan belə bir platformaya qarşı çıxması yanlışdır.
Hüquq müdafiəçisi Sahib Məmmədov da oxşar mövqedən çıxış edib. Onun fikrincə, X.İsmayılın söylədikləri fəaliyyəti bərpa olunan İşçi Qrupunun gözdən salınması kampaniyasıdır.
X.İsmayıl bildirdi ki, İşçi Qrupunu xoşməramlı təşəbbüs kimi təqdim etməyə çalışanlar ölkədə siyasi məhbuslar probleminin mövcudluğunu qəbul etmək istəmirlər. İşçi Qrupunun adının siyasi məhbuslarla bağlı olmamasına diqqət çəkən X.İsmayıl qrupun nə zaman hansı problemlərlə məşğul olacağı məlum deyil: «İşçi Qrupunun tərkibi ilə bağlı ciddi şübhələr var. İşçi Qrupa siyasi məhbusların özlərinin etibar etmədikləri və xidmətlərindən istifadə etmədikləri adamlar daxildir. Mən ümumiyyətlə bu təşkilatda ciddi təşəbbüs görmürəm. Burada daha çox hökumətə vaxt udmaq imkanı yaranır».
İşçi Qrupuna dəvət alan zaman da hazırda səsləndirdiyi şübhələrin gündəmdə olduğunu deyən X.İsmayıl vurğuladı ki, onun İşçi Qrupunda iştirakla bağlı qərarı formata və təşkilatın qarşısına qoyacağı məqsədlərə bağlı idi: «Məni sadəcə İşçi Qrupunda otrudaraq nəyəsə şahidlik etməyə dəvət edəcəkdilərsə, mən bunda iştirak etməyəcəkdim. Mən əvvəlcədən bəyan etmişdim ki, imitasiyada iştirak etməyəcəm. Onlar da bəri başdan bunun imitasiya olduğunu bildikləri üçün mənə dvət yolamadılar. Guya vətəndaş cəmiyyətini təmsil edən şəxslərin də etirazı onunla bağlıdır ki, mən onların öz şəxsi maraqlarını cəmiyyətin maraqlarından necə üstün tutduğunu görməyim. Mən əminəm ki, bütün bunlar Prezident Administrasiyasının diqqtəsi ilə baş verən şeylərdir. Mənim İşçi Qrupunda təmsil olunmamağım heç də facebookda yazdıqlarımla bağlı deyil. Çünki Avropa Şurasının təmsilçisi ilə görüşdə artıq mənim qrupda təmsil olunmamağımla bağlı ultimatum verilmişdi».
X.İsmayıl ümid edir ki, AŞ rəhbərliyi İşçi Qrupunun siyasi məhbus problemini çözmək bacarığında olacağına inanacaq dərəcədə sadəlöhv deyil. «Sahib Məmmədov Prezident Administarsiyasından göstəriş almamış belə etirazlar edə bilməz», deyə X.İsmayıl vurğuladı.
Xəyal