Qatil qızın bacısı çıxdı; qətl ailə-məişət zəmnində baş verib; qızların atası bələdiyyə üzvüdür
Oktyabrın 22-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. Xətai rayonunda, Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. Əvvəlcə qətli kimin və hansı məqsədlə törətdiyi bəlli olmayıb. Yalnız onu müəyyən etmək mümkün olub ki, Günel Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs (və ya şəxslərin) tutulması istiqamətində axtarış-əməliyyat tədbirlərinə başlanıb.
Oktyabrın 23-ü səhər saatlarında isə bu dəhşətli qətli törədənin kimliyi barədə hadisənin özü qədər şok yaradan məlumat yayılıb. Demə, 20 yaşlı tələbəni doğma bacısı qətlə yetiribmiş. Bunu Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova “ANS PRESS”ə bildirib: “Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Pərvanə saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir”.
Qətlə yetirilən və qətli törədən bacıların atası Etibar Nuriyev Şəkidə tanınmış şəxslərdəndir. Yerli mənbələrdən aldığımız məlumata görə o, Şəki şəhər bələdiyyəsinin üzvüdür, imkanlı şəxs kimi tanınır – obyektləri və torpaq sahələri var.
Günel Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında oxuyurmuş. Onu öldürən bacısı Pərvanə isə Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsidir. Ailənin üçüncü qızı da var. Pərvanə ilə ekiz olan üçüncü bacı da Asəf Zeynallıda oxuyur.
Qətlin motivi barədə yerli mənbələr ailə-məişət mübahisəsindən bəhs edirlər. Deyilənlərə görə, Pərvanə böyük bacısının müəyyən davranışlarından narazı olub və bu zəmində aralarında mübahisə yaşanıb.
Lent.az-ın məlumatına görə, saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın kiçik bacısı (qətldə şübhəli bilinən Pərvanə Nuriyevanın əkiz bacısı) kollecdən evə qayıdıb. Özündəki açarla qapını açıb içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq qorxusundan otağa daxil olmadan evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib.
O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva özünü bacısının ölümündən xəbərsiz kimi göstərib.
Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da buraxdığı bəzi səhvlər onun planını alt-üst edib. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.
Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb.
Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib. Hadisə ilə bağlı danışan Pərvanə bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib.
Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi evdən çıxaraq musiqi məktəbinə yollanıb.
Publika.az məlumat verir ki, Pərvanə xüsusi mühafizə altında polis maşınına əyləşdirilərək prokurorluğa aparılıb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə alınıb. Ora heç kim, o cümlədən jurnalistlər də buraxılmır.
Məlumata görə, artıq Günelin meyiti ilkin ekspertizadan keçirilib: “Qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb. Bakirəliyin pozulması faktı yoxdur. Günel Nuriyevanın lezbiyan olması ilə bağlı deyilənlər yalandır”.
Qonşuların verdikləri məlumata görə, onlar bu bacıları yaxşı qızlar kimi tanıyıblar. Qızların heç bir pis hərəkətinin və ya evə kənar şəxslərin gətirilməsinin şahidi olmayıblar.
Qətlə yetirilən Günel Nuriyeva
azadliq.info