“Demokratik dövlətlər risk altına düşmüş bu adamları müdafiə etməlidir”
“Azərbaycan hökuməti dünyanın diqqətinin Ukrayna, İraq və Qəzzadakı olaylara yönəlməsindən sui-istifadə etdi”
Dünyanın ən məşhur media orqanları Azərbaycanda güclənən repressiya dalğasını, o cümlədən vətəndaş cəmiyyətinə qarşı hücumları, hüquq müdafiəçilərinin həbsini gündəmdə saxlamaqda davam edir. Ukraynadakı hadisələr və Qərbin diqqətinin bu proseslərə yönəlməsi fonunda Azərbaycanda baş verənləri təhlil edən Fransanın dünyaca məşhur “Le Monde” qəzeti buradakı repressiyalara görə həm də Qərb dövlətlərini qınayıb.
“Le Monde” yazır ki, rəsmi Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiyanın qonşuluğunda olan ölkələr müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiya siyasətini gücləndirib. Demokratik dövlətlər risk altına düşmüş bu adamları müdafiə etməlidir.
“Dünyanın diqqətinin Ukrayna, Iraq və Qəzzadakı olaylara yönəlməsindən sui-istifadə edərək, Azərbaycan hökuməti repressiyaların çox güclü dalğasına başladı. Bir neçə məşhur hüquq müdafiəçisi həbs edildi. 2012-ci ildə Azərbaycanda keçirilmiş ”Eurovision” mahnı müsabiqəsi ərəfəsində “Demokratiya naminə oxu” kampaniyasının təşəbbüskarı olmuş Rəsul Cəfərov, məşhur vəkil Intiqam Əliyev, dünyada tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus həbs edildi. Naxçıvanda fəaliyyət göstərən Resurs Mərkəzinin rəhbəri Ilqar Nəsibov avqustun 21-də vəhşicəsinə döyüldü”, – deyə “Le Monde” yazır.
Müəllif onu da qeyd edir ki, Azərbaycanın üzv olduğu Avropa Şurası bu ölkədəki güclü repressiya dalğasına qarşı adekvat addımlar atmadı: “Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda Avropa Şurasının baş katibi Torbörn Yaqlandın zəif tənqidi səsinin şahidi olduq. Etiraf etmək lazımdır ki, Avropa Şurası demokratiya və bu dəyərin daşıyıcılarının müdafiəsi məsələsində uğursuzluğa düçar oldu. Demokratik Qərb ölkələri üzərlərinə insan hüquqlarının müdafiəsinə dair öhdəlik götürmələrinə baxmayaraq, bu işin öhdəsindən gələ bilmədilər. Qərbin demokratik ölkələrinin səfirlikləri repressiyaların yeni dalğası qarşısında zəif duruma düşərək, repressiyalara məruz qalmış adamların müdafiəsini təmin edə bilmədilər. Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirlikləri repressiyalara məruz qalanlardan heç birinin müdafiəsini həyata keçirə bilmədi. Demokratik prinsiplərin müdafiəsi məsələsi nə qədər bəyan edilsə də, mövcud müdafiə sistemi yaranmış vəziyyətə qətiyyən adekvat deyil”.
Məqalədə həmçinin araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovaya qarşı təzyiqlərdən də bəhs olunur. Bildirilir ki, artıq jurnalistin ölkədən çıxışına da qadağa qoyulub.
Informasiya şöbəsi