Sahib İbrahimovdan tikdiyi binalar alındı; komitə sədrinin qaynı isə həbs edildi
Diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Sahib Ibrahimovla şəriki arasında yaranan münaqişə Ibrahimovların məğlubiyyəti ilə bitib. Bu barədə “Bizim yol” qəzeti məlumat yayıb. Məlum olub ki, Ali Məhkəmə Sahib Ibrahimovun şəriki Ilham Qasımovun xeyrinə qərar çıxarıb. Rövşən Əliyev küçəsində inşa edilən 24 mərtəbəli 4 bina Ilham Qasımova verilib. Bu binaları “Galaxy Palace” şirkəti tikirdi. Şirkət Sahib Ibrahimova məxsus idi.
Bir müddət əvvəl Nazim Ibrahimovun qaynı Məzahir Cəfərovun həbs edildiyi, qardaşı Sahib Ibrahimovun isə hüquq-mühafizə orqanları tərəfindən saxlandığı bildirilirdi. Məlumatlarda “Galaxy Palace”da xeyli miqdarda yeyintinin aşkarlandığı, eyni mənzili bir neçə nəfərə satmaqda təqsirləndiyi deyilirdi. Məlumata görə, söhbət nə az, nə çox, 8 milyon manatlıq yeyintidən gedir. Sahib Ibrahimov sudan “quru” çıxsa da, komitə sədrinin qaynı həbsdə qalıb. Baxmayaraq ki, Nazim Ibrahimov bu yaxınlarda adıçəkilən şirkətin sahibi olmadığını demişdi, lakin şirkət qardaşının adınadır və qaynı da onunla birgə işləyirdi.
Bu fakt artıq Ibrahimovların iqtidardakı dayaqlarının zəiflədiyini göstərir. Qeyd edək ki, bundan əvvəl də Nazim Ibrahimovun digər qardaşı Tağı Ibrahimovdan “ATV” telekanalı alınmışdı.