Qərb Azərbaycan iqtidarını cəzalandırmaq üçün zəmin hazırlayır
Azərbaycan hakimiyyəti yaxın vaxtlarda sanksiyalarla üzləşə bilər. Diplomatik mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Azərbaycan hakimiyyəti sanksiyaların bir addımlığındadır. Məlumatlara görə, son vaxtlar Qərbin iqtidara demokratiya çağırışlarını daha sərt formada etməsi də sanksiyaların tətbiqinə zəmin hazırlamağa hesablanıb.
Qeyd edək ki, Avropa Parlamenti Azərbaycanla bağlı kəskin qətnamə qəbul edib. Bundan sonra ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və “Freedom House” təşkilatının prezidenti Devid Kremer sanksiyalar məsələsini gündəmə gətirib. Ardınca ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini hüquq müdafiəçisi Leyla Yunus başda olmaqla, siyasi məhbusları azad etməyə çağırıb. “Biz Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə və səhhəti ağır olanlardan başlayaraq, fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik”,- deyə departamentin sözçüsü Cen Psaki bəyan edib.
Göründüyü kimi departament siyasi məhbusların azad edilməsini tələb şəklində irəli sürüb. Lakin bu hələ son deyil. ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia Azərbaycan hakimiyyətinin xarici və yerli QHT-lərə qarşı apardığı repressiya siyasətini qəbuledilməz adlandırıb. O, bildirib ki, son aylar ərzində apardığı repressiya siyasətinə görə Azərbaycan hakimiyyəti ilə Vaşinqton arasında sərt danışıqlar gedir.
Azərbaycan hakimiyyəti isə bütün bunlara aqressiv tonda cavab verir. Məlumatlarda bildirilir ki, hakimiyyətin belə mövqe sərgiləməsi onun üçün ciddi fəsadlara səbəb ola bilər. “Hakimiyyət düşünür ki, aqrresiya nümayiş etdirməklə, Qərbi şantaj etmək yolu tutmaqla mövqeləri yumşalda bilər. Lakin əksinə, hakimiyyət özü məhz belə mövqe ilə sanksiyalar üçün zəmin hazırlayır, bir növ Qərbin işini daha da asanlaşdırır”, – deyə məlumatlarda bildirilir.