Sergey Lavrovdan sensasion bəyanat
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərin normallaşmasında maraqlıdır. Nazir bildirib ki, dar çərçivədə olsa da, tərəflər arasında əlaqələr və dialoq var. Bununla belə Rusiya XIN başçısı münasibətlərin korlanmasında özlərini günahkar bilmir. Lavrov ABŞ-ı terrorla mübarizədə ikili standartlar tətbiq etməkdə günahlandırıb və bunun Moskva ilə Vaşinqtonun münasibətlərinə mənfi təsir etdiyini deyib.
ABŞ-Rusiya münasibətlərinin Krımın işğalı və Ukraynanın şərqində Rusiyanın müharibə törətməsindən sonra hədsiz gərginləşməsi fonunda belə bəyanatın verilməsi sensasion hadisə kimi qiymətləndirilməlidir. Rusiyanın Ukrayna ilə bağlı siyasəti bu ölkənin Qərblə münasibətlərində böyük böhran yaradıb. ABŞ və müttəfiqləri Rusiyaya qarşı geniş miqyaslı sanksiyalara başlayıb. Hətta rusiyalı ekspertlər bildirirlər ki, Rusiyanın enerci, müdafiə və bank sektorlarını hədəfə almış bu sanksiyalar ölkədə ağır böhran vəziyyəti yaradıb. Yaxın tarixdən bəlli olduğu kimi Obamanın birinci prezidentliyi dövründə o, Rusiya ilə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün ciddi bir təşəbbüslə çıxış etmişdi. Rusiyanın Ukraynaya qarşı aqressiyası münasibətləri elə həddə çatdırdı ki, çoxları soyuq müharibə dövrünün qayıtması haqqında fikirlər səsləndirməyə başladılar. Bir neçə gün əvvəl Obama BMT-nin Baş Assambleyasındakı çıxışında göstərdi ki, Rusiya ilə münasibətlərin düzəlməsi bu ölkənin Ukraynaya qarşı apardığı aqressiv siyasi kursun dəyişməsindən sonra ola bilər.
Lap bu yaxınlara qədər Rusiya hökumətinin rəsmiləri tez-tez anti-ABŞ bəyanatı verirdilər. ABŞ-ın və Avropa Birliyinin çox sərt sanksiyalar siyasətinə başlaması və bu siyasətin davam etməsində israrlı olması görünür, Rusiyanın hakim dairələrində ciddi narahatçılığa səbəb olub. Lavrovun bəyanatı onu göstərir ki, Putin və ətrafı Qərblə qarşıdurmanın Rusiyanı ağır böhran vəziyyətinə salacağını başa düşərək bu ölkəyə qarşı sərt sanksiya siyasətinə rəhbərlik edən ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına təşəbbüs göstərməsini vacib hesab edirdilər.
Azad