Hakimiyyət əməkdaşlığı enerji sahəsilə məhdudlaşdırmaq istəyir
Azərbaycan hakimiyyətinin repressiyaları gücləndirməsi Avropa ilə üzülüşmək niyyətində olması ilə bağlıdır. Bu barədə redaksiyamıza məlumatı hakimiyyətdəki mənbə verib.
Mənbənin sözlərinə görə, iqtidar fərqindədir ki, yaxın günlərdə Azərbaycana səfəri gözlənilən Avropa Ittifaqının genişlənmə məsələləri üzrə komissarı Ştefan Fule ölkəmizin Avropaya inteqrasiya məsələsini qəti şəkildə qoyacaq. Hakimiyyət bu həbslərlə sanki bəribaşdan ona cavab verir.
“Iqtidar ona nail olmaq istəyir ki, Avropa ilə əməkdaşlığı enerji sahəsilə məhdudlaşsın. Çünki Avropaya inteqrasiya siyasi islahatların gündəmə gəlməsini şərtləndirəcək. Hakimiyyət isə avtoritar üsul-idarədən əl çəkmək niyyətində deyil. Repressiyaları gücləndirməklə də bunun mesajını verir. Eyni zamanda aydındır ki, Fülenin səfəri zamanı son həbslər də ciddi müzakirə mövzusu olacaq. Hakimiyyət isə ənənəvi olaraq bu məsələdə bazarlığa getməyi düşünə bilər”, – deyə mənbə bildirib.
Qeyd edək ki, Leyla Yunus və digər hüquq müdafiəçilərinin həbsinə Avropa Ittifaqından sərt reaksiya gəlib. Bu reaksiyalar Azərbaycanla Avropa Ittifaqı arasınla münasibətlərin gərginləşdirib. Lakin bununla belə hakimiyyət repressiya siyasətini dayandırmayıb. AXCP fəalı Murad Ədilov və “Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı”nın aparıcısı Seymur Həzi qondarma ittihamlarla həbs olunub.