Ən yaxşı keçmişdən, ən pis gələcəyə
Yaşadığımız ölkədə yaşaya bilmədiyimiz gerçəkiliyin xəyalı ilə oynayırıq. Bir qrup insan isə yaşamaq istədiklərini yaşaya bilmək üçün mübarizə aparır, məhrumiyyətlərlə üzləşir, ehtiyac bataqlığında çırpınır. Əslində, bu bir qrup adamın arzu etdiyi yaşam forması, hamının insan kimi yaşaya bilməsinə xidmət edir. Keçmişdə yaşananlar, bu gün yaşadıqlarımız və sabah yaşayacağımız haqqında düşünməyə dəyər.
Bəzən yaxşı keçmişdən də utanırsan
Hər dəfə deyirlər ki, Şərqdə ilk demokratik cümhuriyyət, qadınların səsvermə hüququnun olduğu ilk ölkə, ilk opera və s. Azərbaycanın adı ilə bağlıdır. Hətta ölkəni analoqsuz uçuruma salan indiki rejim də, ölkə xaricində çətin suallarla qarşılaşanda, Rəsulzadənin ətəyindən, Zərdabinin “Əkinçi”sindən yapışmağa məcbur olur. Bir sözlə, bu keçmiş bizim üçün qürur mənbəyidir, əminliklə istinad edə biləcəyimiz xəzinədir. Ancaq etiraf edək ki, bugünümüzün biabırçılığından yaxa qurtarmaq üçün keçmişdən sipər kimi istifadə etmək utandırıcıdır. Əslində, bu gün ölkədə baş verən ədalətsizliyə, yalana, yaltqlığa susan adamların, ilk demokratik cümhuriyyətlə fəxr etməsi qədər qeyri-səmimi heç nə ola bilməz. Indi, bu şanlı tarix həm də bizi utandırmağa xidmət edir. Bəli, biz ötən əsrin əvvəlinə nəzər salanda, həqiqi ziyalıları xatırlayanda utanırıq. Biz özümüz bu günün pis nümunəsi olduğumuza görə, dünənin yaxşı nümunəsindən danışmağı haqq etmirik. Gələcəkdən bizə baxanlar isə, keçmişlərinin bizimlə bağlı olduğu üçün utanacaqlar.
Ən pis nümunə
Biz demokratik dünyanın bir parçası olmaq istəyirik. Xalqına, dövlətinə dəyər verən ölkələrin təcrübəsini tətbiq etmək istəyirik. Sözün həqiqi mənasında azad olmaq istəyirik. Ancaq indi bizi elə vəziyyətə salıblar ki, 0.01 faizlə kredit verdiyimiz Belarus 0.01 faiz də bizə oxşamaq istəmir. Bəli, belaruslu hüquq müdafiəçisi bildirib ki, biz ölkəmizi Azərbaycanlaşmaqdan qorumalıyıq. Təsəvvür edin ki, Avropanın sonuncu diktatoru hesab edilən Lukaşenkonun rəhbərlik etdiyi Belarus “Azərbaycan təhlükəsi”ndən qorxur və qorunmaq istəyir. Bu, həm də onun göstəricisidir ki, olimpiya oyunlarına ev sahibliyi etmək, ən uca bayraq dirəyini inşa etmək, Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etmək, Fransadan tutmuş Rumıniyaya qədər xeyriyyə layihələri həyata keçirmək həqiqətə örtük çəkmək iqtidarında deyil. Deməli, dünyanı aldatmaq dövrü sona çatıb və diktator hesab edilənlər də ayağını xalqının boğazına dirəmiş rejimlərlə bir sırada durmaq istəmirlər. Indi Əliyev hakimiyyətinə oxşamaq istəyənlər yoxdur, Əliyev hakimiyyətinin oxşamaq istədiyi Şimali Koreya nümunəsi var.
Faciə burasındadır ki, nefti, qazı, gözəl təbiəti, münbit torpağı olan Azərbaycan ən pis nümunələr siyahısına düşüb. Dünyanı aldatmaq limitinin bitdiyini görən hakimiyyət isə tarixdən dərs götürmək yox, xalqa yalan dərsi keçməkdə davam edir.
Olmayanla öyünmək “bacarığ”ı
Əgər diqqət etsək görərik ki, bu hakimiyyətin öyündüyü, uğur kimi qələmə verdikləri əslində yoxdur. Bunlar yoxdan var etmir, var olanı yox edib, olmayanın varlığına inandırırlar. Uzun illərdi ordumuzun gücündən, hərbi büdcəmizin yüksək səviyyəsindən danışırlar. Ancaq şahid olduğumuz budur ki, atəşkəs dövründə 4000 əsgərimiz ölüb, hər gün ermənilər kəndlərimizi gülləbaran edir, silahlı qüvvələrdə korrupsiya faktları aşkarlanır və torpağın bir qarışından da xəbər yoxdur. Səhiyyədə eyni vəziyyət hökm sürür. Diqanostika mərkəzlərinin lenti kəsildikcə, müalicə üçün xaricə gedənlərin sayı artır. Vətəndaş həkimin diqanozuna inanmır, hətta əməliyyatlar da “monopoliya”ya alınıb, dərman firmaları insan taleyi üzərində rəqabət aparır, qiymətlər yüksək olduğu üçün analar dünyaya uşaq gətirməyə tərəddüd edirlər. Təhsildə vəziyyət daha acınacaqlıdır. 9-11-ci sinif şagirdlərinin imtahan nəticələri göstərdi ki, “müəllim” anlayışı “repetitor” anlayışına qurban verilib. Bəli, xüsusi müəllim “kirayə”ləyib dərs almayan şagird, yalnız “gül bayramı”na pul gətirməyə yarayır. Müəllimin aylıq maaşı isə, məmurun itinə xərclədiyi gündəlik vəsait qədərdir. Tolerantlıqdan, Azərbaycanın islam mədəniyyətinin mərkəzi olmasından danışırlar. Reallıq budur ki, inanclı insanlar şərlənərək həbs edilir, qadınlar hicaba görə məktəbə buraxılmır, məscidlər sökülür və nəhayət adamlar bir-birinin saqqalını qırxır. Iqtisadi inkişafımıza gəlincə, bu “uğur” həqiqətən fenomendir. Ölkədə 2 milyon 138 min adamın banklara borcu var, 3 milyondan artıq vətəndaş Rusiya və digər ölkələrdə fəhləlik edir, ünvanlı sosial yardım alanların sayı artır və orta aylıq əmək haqqı minimum istehlak səbətini ödəmir.
Mən əsas sahələri sadaladım. Amma digər sahələrdə də vəziyyət fərqli deyil. Yəni hakimiyyət təmsilçiləri uğurdan danışanda şəxsi həyat hekayələrinə istinad edirlər. Biz vətəndaşlara qalan isə olmayan uğur haqqında danışılanlarla təsəlli tapmaqdır. Gecə-gündüz gözümüzə soxulan “inkişaf” əslində heç vaxt olmayıb, ya da itkin düşüb.
Susmaq daha pis gələcək deməkdir
Azərbaycanı ayaqda saxlayan neftin tükənən sərvət olduğunu yəqin ki, bilirsiniz. Artıq neft hasilatı ilə bağlı rəqəmlər də sonun başlanğıcından xəbər verir. Yəni hakimiyyətin sağdığı inək ölüm ayağındadır və həsrətində olduğunuz “süd”ün damlasından da məhrum olmaq ehtimalı var.
Yuxarıda qeyd etdiyimiz kimi, kəsilən lentlər, açıq havadakı konsetlər, AzTV-lərin inkişaf nağılları bizi xalq olaraq pis gələcəyə hazırlayır. Bu hakimiyyət bizi ən yaxşı keçmişdən ona görə ayırıb ki, ən pis gələcəyi verə bilsin. Şikəst qeyri-neft sektoru, xarici borclar, dəfn edilmiş təhsil və səhiyyə sistemi bizləri gözləyir. Bizi bu “sürpriz”ə qonaq edənlər isə, itirdiyimiz taleyimiz hesabına qazandıqlarının həzzini yaşayacaqlar. Bütün bunlar biz susduğumuz müddətcə reallaşmaqdadır.
Unutmayın ki, hər addımın atılması hələ irəliyə doğru getmək deyil. Bu hakimiyyət 20 ildən artıqdır ki, geriyə inkişafın Azərbaycan modelini yaratmaqdadır. Susmamaq isə Azərbaycanı çəkib irəliyə atmaq deməkdir. Seçim etməyə gecikməyin. Çünki, sizi məhv etməyə tələsənlər var.
İlham Hüseyn