«Fövqəlnazir»in siyasi iddiaları onu hakim ailənin hədəfinə gətirib
Maliyyə Nazirliyi Salyan rayonunda dövlət maliyyə vəsaitlərindən istifadənin miqyaslı yoxlanmasına başlayıb. Yoxlama bu həftə başlayıb və 40 gün davam edəcək. Bu barədə Turan-a məlumatlı mənbələrdən məlum olub. Rayon Icra Hakimiyyətindən və Maliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb. Əsasən son üç ildə, Salyan Rayon Icra Hakimiyyətinin indiki başçısı Tahir Kərimovun rəhbərliyi dövründə idarələrin, büdcə təşkilatlarının fəaliyyəti yoxlanılır.
Ötən il “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov rayondakı korrupsiya faktları, qeyri-şəffaf tenderlər, büdcə vəsaitlərinin mənimsənilməsi barədə prezident Ilham Əliyevə açıq məktub yazmışdı.
Bundan sonra rayonda ona təzyiqlər başlayıb. Apreldə o, pul almaq kimi uydurma ittihamla həbs edilib. Rayon məmurları onun üzünə yalançı şahidlik ediblər.
Emil Məmmədovun məhkəmə prosesi iyulun 31-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlayacaq.
Salyandakı yoxlamalarla bağlı “Azadlıq”a da maraqlı məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Tahir Kərimovun hədəfə gəlməsi də həm də Kəmaləddin Heydərov faktoru ilə bağlıdır. Tahir Kərimov fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. O, vaxtilə “fövqəlnazir”ə məxsus olduğu bildirilən “Caspian Fish”in baş direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Kəmaləddin Heydərovun dəstəyilə Daşkəsənin, 2011-ci ildə isə Salyanın icra başçısı vəzifəsinə təyin olunub.
Məlumatlarda bildirilir ki, artıq hakim ailədə Kəmaləddin Heydərovla bağlı müəyyən şübhələr yaranıb. “Fövqəlnazir”in son vaxtlar daha da güclənməsi, Kremllə yaxın ilişgilər qurması hakim ailəni ehtiyatlı olmağa sövq edib. Bildirilir ki, artıq Kəmaləddin Heydərovu zəiflətmək üçün planlar hazırlanıb. Ilk növbədə “fövqəlnazir”in nəzarətində olan icra başçılarını “vurmaq” düşünülür.
Qeyd edək ki, Kəmaləddin Heydərovun hakimiyyətdə ən güclü və ən iddialı fiqur olması barədə zaman-zaman yazılıb. Hətta Wikileaks saytının yaydığı məxfi sənədlərdə də Kəmaləddin Heydərovun iddialı fiqur olduğu xüsusilə vurğulanır. Məsələn, ABŞ-ın keçmiş müvəqqəti işlər vəkili Donald Lunun Dövlət Departamentinə göndərdiyi geniş həcmli teleqramda Kəmaləddin Heydərovun qüdrətli nazir kimi təqdimatı verilib və bildirilib ki, o, ətrafı üçün sanki prezidentdir.